Prezident İlham Əliyevin imzaladığı "Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmana əsasən Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılmış Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyəti qısa müddət ərzində cəmiyyətin diqqətini cəlb edib. Belə ki, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verildikdən sonra adıçəkilən qurumların tabeliyində fəaliyyət göstərən yerli qurumların fəaliyyətlərinin koordinasiya olunması nəticəsində görülən işlərin intensivliyi və keyfiyyəti yüksəlib.
Su ehtiyatlarının düzgün idarə edilməsi və yönləndirilməsi gələcək dövrlər üçün strateji əhəmiyyət daşıyır. Çünki, dünyada içməli su problemi qlobal istiləşmə kontekstində ciddi problem kimi diqqət mərkəzində saxlanılır. Müxtəlif regionlarda bu problem özünü fərqli səviyyələrdə göstərir. Ölkəmizin yerləşdiyi Cənubi Qafqaz regionuda da su ehtiyatlarının azlığı müşahidə olunur. Mövcud mənbələrin düzgün idarə olunması istiqamətində ölkəmiz hərtərəfli addımlar atır və bu istiqamətdə beynəlxalq konvensiyalara qoşulur, fərqli - fərqli təşkilatların təşəbbüslərini dəstəkləyir. Bu bizim tək özümüzün yox, dünyanın da gələcəyini düşündüyümüzün bariz nümunəsidir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən, bir neçə aydır fəaliyyətini izlədiyim yerli qurumlardan biri haqqında bəzi məlumatları sizinlə bölüşmək istəyirəm. Buradan sizə aydın şəkildə görünəcək ki, həqiqətən də yeni agentliyin koordinasiya olunmuş fəaliyyəti görülən işlərin yüksək səviyyədə həyata keçirilməsinə gətirib çıxarır. Bu qurum Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsidir. Agentlik yarandığı gündən onun tabeliyinə keçən və fəaliyyət istiqamətlərini aydın şəkildə müəyyən edərək öz işinə peşəkarlıqla yanaşan yerli idarə Yevlax ərazisində su ehtiyatlarının düzgün idarə olunması, yönləndirilməsi və istifadəsi istiqamətində əhatəli və əhəmiyyətli addımları ilə seçilir. Düşünürəm ki, gələcək dövrlərdə agentlik və onun tabeliyində olan bütün qurumlar daha da peşəkarlıqla işləyəcəklər və öz missiyalarını hərtərəfli yerinə yetirəcəklər.
Anar Salehoğlu,
İctimai-siyasi fəal