Yeni Azərbaycan hər birimizin qürur mənbəyidir

Müsahibimiz 37 saylı Qaradağ seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Aydın Hüseynov

- Aydın müəllim, sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Yeni Azərbaycan Partiyası bu seçkilərə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılıb. Yeni dövrün reallıqları nədən ibarətdir?

- Möhkəm təməl uğurlarımızın davamlılığının əsasıdır. Azərbaycanın bu gününü dünəni ilə müqayisə etdikdə böyük inkişaf və tərəqqinin şahidi oluruq. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə başlanan inkişaf yolu möhtəşəm zəfərlərə gətirib çıxardı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə bir günlük antiterror əməliyyatı nəticəsində qazandığımız qələbələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını təmin etdi.

Bu gün iftixarla qeyd edirik ki, Azərbaycan müasir dövlətçilik tarixinin mühüm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə uğurla yekun vuraraq yeni dövrə qədəm qoyub.

Artıq ötən müddətdə qarşıya qoyulan vəzifələr uğurla icra edilib, hədəflərə yüksək səviyyədə nail olunub. Yeni dövr isə yeni çağırışları ilə diqqətdədir.

Bu seçkilər həm Azərbaycanın demokratik inkişaf tarixinə növbəti  qələbə səhifəsini yazacaq, həm də dünyanın diqqətini ölkəmizə yönəltməklə yeni reallıqların təqdimatında  mühüm rol oynayacaq.

   Dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası seçkilərə “Yeni dövrə Yeni Azərbaycanla!” devizi ilə qatılaraq qarşıdakı dövrün hədəflərini açıqlayıb. Hər sahədə uğurlarınız  qürurvericidir. Azərbaycanın sabitlik diyarı, təhlükəsiz ölkə kimi tanınması  həm iqtisadi əlaqələrin  genişlənməsində, həm də ölkəmizin yeni dostlar və tərəfdaşlar qazanmasında əhəmiyyətli rol oynayır. Bu fakt inkaredilməzdir ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkədə ictimai-siyasi durumun ağırlığı, xaosun, anarxiyanın, iqtisadi böhranın baş alıb getməsi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə əmin deyildilər. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin həyatında yeni bir dövrün başlanması oldu. Hər bir dövlətin inkişafında  və tərəqqisində siyasi sabitliyin əsas amil olduğunu önə çəkən Ümummilli Lider Heydər Əliyev Azərbaycanı o illərin xaosundan, anarxiyasından, özbaşınalıqlarından xilas etdi.

   1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının  Konstitusiyası ümumxalq səsverməsi ilə qəbul edildi. Bununla da Azərbaycan demokratik, hüquqi, sivil dəyərlərə malik ölkə olaraq milli kimliyini beynəlxalq aləmə təqdim etdi.

Ümummilli Lider “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisini irəli sürərək iqtisadiyyatımızın inkişafında neft amilinə yüksək önəm verdi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Neft sənayesini iqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu günümüz və  gələcəyimiz üçün hesablanmış addımlar sırasındadır. Azərbaycanın neft-qaz sənayesinə qoyulan sərmayə, yaradılmış əlverişli investisiya iqlimi, güclü siyasi iradə və qurulan möhkəm beynəlxalq əməkdaşlıq bugünkü reallıqları mümkün etdi. Onu da qeyd edim ki, Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycanın əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanılmasını təmin edir. Qurumun yaradılması fəlsəfəsinin əsas qayəsini neft sərvətlərinin nəsillər arasında ədalətli bölünməsinin təmin edilməsi təşkil edir. Hazırda Dövlət Neft Fondunun vəsaitləri hesabına biri-birindən əhəmiyyətli sosial-iqtisadi layihələr həyata keçirilir ki, bu da öz növbəsində ölkəmizin hərtərəfli inkişafına xidmət edir.

1993-2003-cü illər tariximizə sabitlik, inkişaf illəri, Azərbaycanın müstəqil ölkə kimi yaşamasını təmin edən bir dövr kimi yazılıb. Son 20  ildən artıq dövrdə Prezident İlham Əliyev siyasi kursunu o illərdə müəyyən edilmiş strategiya çərçivəsində davam etdirərək Azərbaycanı inkişaf etdirir, tariximizə zəngin uğur, zəfər səhifələrinin yazılmasını təmin edir. Yeni Azərbaycan Partiyasının seçki platformasında qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ölkəmizin sosial-iqtisadi tərəqqisinə, hərbi gücünün və müdafiə qabiliyyətinin yüksəlməsinə, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə, milli və regional təhlükəsizliyin təmin olunmasına hədəflənmiş müstəqil və uzaqgörən siyasəti sayəsində istər ölkəmizdə, istərsə də bütövlükdə regionumuzda yeni reallıqlar yaranıb, qarşımızda yeni perspektivlər açılıb. Son 20 ildə keçilən yolun təqdimatı kimi dəyərləndirilən 7 fevral - prezident seçkilərində inamlı qələbə qazanan cənab İlham Əliyev andiçmə mərasimində bildirdi ki, bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır.

Sosial sahədə görülmüş işlər də göz qabağındadır. Sosial siyasət sahəsində həyata keçirilən tədbirlər vətəndaşların layiqli həyat şəraitinin təmin olunması və sosial rifahının yaxşılaşmasında öz əksini tapıb. Son 30 ildə real ifadədə əhalinin gəlirləri 5,6 dəfə, orta aylıq nominal əməkhaqqı 4,7 dəfə, minimum aylıq əməkhaqqı 4,2 dəfə artmış, işsizliyin səviyyəsi 1999-cu ildəki 12,7 faizdən 5,5 faizədək, yoxsulluq səviyyəsi 2001-ci ildəki 49,0 faizdən 5,2 faizədək enmişdir. Təkcə son 5 ildə 4 milyon vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunmuş, minimum pensiya məbləği 2,5 dəfə, orta pensiya məbləği 2,0 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfəyə yaxın artmışdır. Bugünədək şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 14,9 min mənzil və fərdi ev, 7700 avtomobil verilmişdir. Partiyamızın seçki platformasında qeyd edildiyi kimi, bu gün Azərbaycan dövlətinin sosial siyasət sahəsində başlıca məqsədi insana qayğı, onun maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması və sosial ədalət prinsipinin daim qorunmasıdır. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının rifahı və mənafeyi dayanır” fikri həyata keçirilən sosialyönümlü siyasətin əsasını təşkil edir.

İqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması Azərbaycanın sosial dövlət kimi imicini möhkəmləndirir.   

- Yeni Azərbaycan Partiyasının seçki platformasında qarşıda duran əsas hədəflər əksini tapıb. Bu hədəflər ölkəmiz üçün hansı perspektivləri yaradır?

- Azərbaycan hər bir hədəfə addım-addım, ardıcıllıqla nail olur. Günümüzün hədəflərini 30 il bundan öncənin milli məqsədləri ilə müqayisə etdikdə böyük inkişaf və tərəqqinin şahidi oluruq.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdanda əsas çağırış yeni Azərbaycanın qurulması, dövlət müstəqilliyinin daimiliyi və dönməzliyinin təmin  edilməsi idi. 1995-ci ildə milli Konstitusiyanın qəbulundan sonra keçirilən seçkilərə nəzər salsaq, dövrün tələbinə uyğun olaraq Yeni Azərbaycan Partiyasının çağırışlarının mahiyyətinin dəyişdiyini görmək olar. O zaman “Yeni müstəqil Azərbaycan uğrunda!” deyən  YAP  bu gün “Yeni dövrə Yeni Azərbaycanla!”, - deyə çağırış edir.

Düşünülmüş və məqsədyönlü siyasət nəticəsində  yeni inkişaf yoluna qədəm qoyan Azərbaycan illər keçdikcə daha möhtəşəm uğurları ilə dünyanı heyrətləndirir. Bu gün dünyaya səs salan qalib, bütövləşən Azərbaycanın uğurları, qeyd etdiyimiz kimi, Heydər Əliyev siyasətinin təntənəsidir. Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev xalqımıza tarixi Zəfərin sevincini yaşatdı. 44 gündə 30 ilin işğalına son qoyulması, tarixi ədalətin bərpası Azərbaycanın gücünün, qüdrətinin, tarixi ədalətə və beynəlxalq hüquqa söykənən haqlı siyasətinin uğurlu nəticələrinin nümayişi oldu. Şanlı Qələbəmizdən üç il sonra, ötən ilin sentyabr ayında rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin bərpa olunması müasir dövlətçilik tariximizin ən önəmli və şərəfli səhifəsidir.

    Yeni Azərbaycan Partiyasının seçki platformasında bütün sahələrdə qazanılan uğurlarla yanaşı, əsas hədəflər də öz əksini tapıb. Başlıca hədəflərdən biri işğaldan azad edilmiş ərazilərimizin bərpası, soydaşlarımızın doğma yurd-yuvalarında layiqli məskunlaşmasının təmin edilməsidir. Bu gün qürur və iftixarla qeyd edirik ki, Heydər Əliyev yolunun Müzəffər davamçısı İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər nəticəsində soydaşlarımızın arzuları gerçəkliyə çevrilir.  Böyük Qayıdış prosesi uğurla reallaşdırılır. Bu proses çoxəsrlik dövlətçilik tariximizin ən parlaq səhifələrindən birinə çevrilməklə daha güclü yeni Azərbaycanın gələcəyinə töhfə verəcək.

- Aydın müəllim, seçicilərlə görüşləriniz sizdə hansı qənaəti yaratdı?

- Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan, ölkənin ictimai-siyasi həyatında aparıcı rola malik Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi kimi keçirdiyim görüşlər xoş ovqat və müsbət təəssürat yaratdı. Dövlətimizin siyasətinə, Yeni Azərbaycan Partiyasına inam, etimad seçicilərin hər bir fikrində öz əksini tapdı. Seçicilər Azərbaycanın uğurlarından qürurlandıqlarını bildirdilər.  

Xalqın sevgisini qazanan Yeni Azərbaycan Partiyası  gələcəyə böyük inamla addımlayır. Yeni dövrdə növbəti hədəfləri reallaşdıraraq daha möhtəşəm nailiyyətlər qazanmaq üçün seçiciləri parlament seçkilərində fəal olmağa, Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək olmağa çağırıram. Müasir müstəqil, qalib, bütövləşən yeni Azərbaycan hər birimizin qürur mənbəyidir!