Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forum ölkəmizin müasir çağırışlara baxışını və qlobal siyasətdəki fəal rolunu bir daha nümayiş etdirdi.
Forumun ADA Universitetində keçirilməsi təsadüfi deyil. Çünki məhz bu ali təhsil ocağı Azərbaycanın gələcək liderlərinin yetişdiyi, innovativ ideyaların formalaşdığı bir platformadır. Burada dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycan diplomatiyasının fəlsəfəsini, dünya siyasətinə baxış bucağını ortaya qoydu.
Prezident İlham Əliyev çıxışında dünyanın hazırkı durumunu dəqiq analiz etdi. Beynəlxalq münasibətlər sistemində sabitlik və qarşılıqlı etimad kimi anlayışların aşınması, regional münaqişələrin artması, enerji və nəqliyyat təhlükəsizliyi məsələlərinin prioritetə çevrilməsi bu gün bütün dövlətlərin qarşısında yeni suallar qoyur. Dövlət başçısının vurğuladığı kimi, yeni dünya düzənində hər bir ölkə özünü qorumağı, iqtisadi və siyasi müstəqilliyini təmin etməyi bacarmalıdır.
Forum bir daha göstərdi ki, Azərbaycan bu yeni çağırışlara hazırdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu xarici siyasət kursu ölkəmizə regional liderlik, beynəlxalq arenada etibarlı tərəfdaş imici qazandırıb.
Azərbaycan bugün həm enerji siyasətində, həm nəqliyyat-logistika layihələrində, həm də təhlükəsizlik platformalarında söz sahibi olan dövlətdir. COP29 kimi mötəbər tədbirin Bakıda keçirilməsi isə Azərbaycanın ekoloji təhlükəsizlik və qlobal əməkdaşlıq istiqamətində atdığı addımların məntiqi nəticəsidir.
ADA Universitetində keçirilən forumda səslənən fikirlər dünyanın fərqli coğrafiyalarından gələn ekspertlər və siyasətçilər tərəfindən də dəstəkləndi. Bu, bir daha sübut edir ki, Azərbaycan yeni dünya nizamında öz mövqeyini gücləndirən, sülh və əməkdaşlıq üçün yeni imkanlar yaradan ölkə kimi qəbul edilir.
Prezident İlham Əliyevin bu forumda səsləndirdiyi fikirlər Azərbaycan dövlətinin qlobal çağırışlara verdiyi adekvat cavab, müasir siyasətin dərin analizi və milli maraqların qətiyyətli müdafiəsi idi. Azərbaycan beynəlxalq hüququn və ədalətin tərəfdarı olaraq, yeni dünya nizamında öz haqq səsini daim ucaldır və regionda sabitlik, inkişaf, tərəqqi modelini uğurla təqdim edir.
Məhz bu səbəbdəndir ki, bu cür beynəlxalq forumlar Azərbaycanın gələcəyə inamlı addımlarla irəlilədiyini, qlobal problemlərin həllində təşəbbüskar olduğunu göstərir. Biz bu siyasəti dəstəkləyir, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcək hər bir addımı yüksək qiymətləndiririk.
Məşhur Məmmədov,
Millət vəkili