Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsində Prezident İlham Əliyev qeyd etdi ki, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradılıb. Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir.
2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. “Vietnam News Agency” agentliyinə müsahibəsində Prezident İlham Əliyev bildirdi ki, ölkələrimiz neft sahəsində də qarşılıqlı fəaliyyət göstərir. 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında müqavilə imzalanıb. Neft sahəsində Azərbaycan-Vyetnam əməkdaşlığı möhkəm tarixi təmələ əsaslanır – çünki Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar. Təsadüfi deyil ki, 1981-ci ildə Sovet İttifaqının köməyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub.
Prezident İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibəsində vurğuladı ki, ölkələrimiz ən müxtəlif sahələrdə əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir. İqtisadi-ticari münasibətlərdən danışarkən qeyd etmək lazımdır ki, bu gün təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da öz növbəsində iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur.
Ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri turizmdir. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafı ilə paralel surətdə iki ölkənin vətəndaşlarının bir-birinin mədəniyyətinə və tarixinə marağının artmasına kömək edəcək. Müştərək mədəniyyət layihələrinin intensivləşdirilməsi, səhiyyə və ekologiya sahələrində humanitar missiyalarla bağlı proqramların və birgə təşəbbüslərin inkişafı – bütün bunlar ölkələrimiz üçün qarşılıqlı maraq doğuran istiqamətlərdir.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri