Yeni geosiyasi şəraitdə Azərbaycanın mövqeyi daha da artır

1975-ci ildən bəri hər il sentyabr ayında təşkil olunan Çernobbio Forumu mühüm platforma sayılır. Burada müzakirə olunan mövzular öz aktuallığı ilə seçilməklə yanaşı Foruma dəvət olunan dövlət başçıları və enerji şirkətlərinin rəhbərlərinin fikir mübadiləsi aparması İtaliya ilə yanaşı Avropanın enerji və maliyyə imkanları baxımından xüsusi əhəmiyyət kəsb edir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda əsas qonaq kimi iştirak etməsi də onu deməyə əsas verir ki, Azərbaycan Avropanın əsas tərəfdaşlarından biridir. Xüsusən enerji sahəsində davam edən əməkdaşlıq qarşıdakı illərdə daha da artacaq. Aparılan araşdırmalar onu deməyə əsas verir ki, Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan zəngin karbohidrogen məhsullarının ixracı ilə yanaşı yeni əməkdaşlıqların qurulmasında maraqlıdır və bu yöndə Avropa ölkələrinin təkliflərindən müsbət mənada yararlanmaq, əməkdaşlığın inkişafı və digər sahələrdə də sıx əlaqələrin qurulması xarici siyasətin prioritet sahələrindəndir. 

Forumda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyanın gündəliyə salınması və dövlət başçısı İlham Əliyevin sessiyada çıxışı bir sıra məsələlərdən xəbər verir. 

Onu da qeyd edək ki, Forumda dünya iqtisadiyyatı və cəmiyyətlər qarşısında duran cari məsələlər, problemlər müzakirəyə çıxarılır. Tədbirin birinci günü adətən iqtisadi, geosiyasi, elmi və texnoloji sahədə qlobal problemlərə həsr olunur. İkinci gün əsas diqqət Avropaya yönəldilir və Avropa İttifaqı ilə bağlı ən aktual məsələlər müzakirə edilir. Üçüncü gün isə hökumət nümayəndələrinin, rəsmilərin, biznes və maliyyə sahəsinin mühüm şəxslərinin iştirakı ilə İtaliyaya həsr olunur.

Dövlət başçısı Avropa ictimaiyyətini düşündürən bir çox sualları ətraflı şəkildə cavablandırıb. Azərbaycandan İtaliyaya uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizinin bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin etdiyini vurğulayan dövlətimizin başçısı deyib: Bu gün 10 ölkə Azərbaycandan qaz alır və bu ölkələrin yeddisi Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırır”.

Dövlət başçısı həmçinin bildirib ki, enerji təchizatı bu gün onu açıq şəkildə nümayiş etdirir ki, ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır.

Azərbaycan-İtalya münasibətlərindən danışan Prezident İlham Əliyev İtaliya-Azərbaycan Universitetinin əhəmiyyətindən danışıb: “Bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin bariz nümunəsidir. İtaliyanın beş aparıcı universitetinin Azərbaycanda olan tərəf müqabilləri ilə birgə təhsil ocağı təsis etdiklərini xatırladan dövlətimizin başçısı bildirib: “Orada təhsil almağa başlayacaq tələbələr Azərbaycan ilə İtaliya arasında təbii körpü rolunu oynayacaqlar. Onlar italyan dilini daha səlis biləcəklər. İtaliyanın tarixi irsini və mədəniyyətini də daha dərindən öyrənəcəklər”.

Şübhəsiz ki, bu kimi mötəbər tədbirlərdə ölkəmizin təmsil olunması qlobal enerji bazarındakı həyata keçirilən uğurlu xarici siyasətin nəticəsidir. Bütün bunlar Azərbaycanın yeni geosiyasi şəraitdəki mövqeyini daha da möhkəmləndirəcək.

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı