Yeni hədəflərə doğru…

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 6 saylı Ordubad-Culfa seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüqar Rəhimzadənin Ordubad şəhər Mədəniyyət evində seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov Yeni Azərbaycan Partiyasının yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanmasından, Ümummilli Lider Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” çağırışında ifadə edilən inamı, etimadı doğrultmasından, hazırda yeni dövrün çağırışlarına uyğun olaraq qarşıda dayanan vəzifələri Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla yerinə yetirməsindən bəhs edib. O bildirib ki, Yeni Azərbaycan Partiyası 1 sentyabr parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılıb.

Deputatlığa namizəd Vüqar Rəhimzadə öncə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, partiyanın “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı altında təqdim etdiyi seçki platformasında Azərbaycanın 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından bu günədək keçdiyi inkişaf yolu, qazandığı uğurlar və onların əsasında qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflər öz əksini tapıb.

Deputatlığa namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə səsləyib. Vüqar Rəhimzadə deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağını bildirib. 

Tədbirdə Naxçıvan MR-in Əməkdar həkimi Hacıağa Bağırov, rayon sakinləri Həmid Abbasov, Firdovsi Mehdiyev, Fərman Rəsulov, İbrahim Məmmədov və başqaları çıxış edərək bildiriblər ki, Azərbaycan demokratik inkişaf tarixinə növbəti uğur səhifəsini yazacaq. Seçkilərin demokratikliyini, şəffaflığını, beynəlxalq standartlara uyğun keçirilməsini təmin etmək üçün dövlətimiz bütün zəruri addımları atır.

Çıxış edənlər yeni dövrün hədəflərinin həyata keçirilməsi ilə uğurlarımızın davamlılığını təmin etmək üçün seçiciləri fəal olmağa, YAP-ın namizədinə səs verməyə çağırıblar.

Seçicilər 1 sentyabr parlament seçkilərində YAP-ın namizədinə səs verməklə Azərbaycanın uğurlu gələcəyinə dəstək olacaqlarını vurğulayıblar.