Yeni qələbələrə səs verək

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 42 saylı Sumqayıt birinci seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Hicran Kamran qızı Hüseynovanın YAP Sumqayıt şəhər təşkilatının qərargahında şəhər ağsaqqalları və ziyalıları ilə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, YAP-ın budəfəki parlament seçkilərində də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib. 

Daha sonra çıxış edən vəkillər Hümbət Quliyev, Alı Alıyev, Zahir Həsənov, Əşrəf Veysəlli və İndira Şəmsivari bildiriblər ki, Hicran Hüseynova öz fəaliyyəti dövründə ölkədə ailə, qadın və uşaq problemlərinin həlli istiqamətində ardıcıl işlər aparıb, qanunvericiliyə dəyişikliklərə dair rəy və təkliflər verib, bir sıra qanunların qəbul edilməsinə nail olub.

Deputatlığa namizəd Hicran Hüseynova əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin alternativsiz lider olduğunu diqqətə çatdırıb. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində ölkəmizin bütün sahələr üzrə inkişafa nail olduğu qeyd olunub. Bildirilib ki, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan bu gün regionda yeni reallıqlar yaradıb. Vurğulanıb ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır.

Hicran Hüseynova ona göstərilən etimada görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, Partiyanın Sədri, Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Sonda çıxış edən seçicilər uğurlarımızın davamı naminə parlament seçkilərində YAP-ın namizədini dəstəkləyəcəklərini deyiblər.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd şəhər ərazisində görüşlər keçirib, şəhid Məmmədov Ruslan Ramiz oğlunun ailəsini ziyarət edib.