Yeni siyasi reallıqlara doğru

ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda baş tutan beynəlxalq Forum öz qlobal çəkisinə, beynəlxalq münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. 

Dövlət başçısı İlham Əliyevin Forumda iştirak etməsi, çıxışı zamanı bir sıra məqamlara toxunması Forumun işinə öz müsbət təsirini göstərir. Dünyanın müxtəlif ölkələrindən tanınmış beynəlxalq ekspertlər, siyasi analitiklər, alimlər və diplomatlar forumda iştirak edərək müasir çağırışlara dair fikir mübadiləsi apardığı arenada əsas müzakirə mövzusu yeni dünya düzəni olub. 

Forumun açılışında çıxış edən cənab Prezident İlham Əliyev bildirib ki, bu cür tədbirlər Azərbaycan üçün yalnız ölkəni tanıtmaq baxımından deyil, həm də beynəlxalq müzakirələrin mərkəzinə çevrilmək üçün əhəmiyyətli platformadır: “Müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin böyük bir qrupu qlobal gündəlikdə duran mühüm məsələləri müzakirə etmək üçün Azərbaycanı yeddinci dəfədir ki, ziyarət edir. Eyni zamanda, bu səfərlər Azərbaycanı daha da yaxşı tanımağa, ölkənin nəbzini tutmağa xidmət edir.” 

Prezident İlham Əliyev forumun Azərbaycanın reallıqlarını daha yaxından tanıtmaq baxımından əhəmiyyətini xüsusi vurğulayıb və bildirib ki, “Hesab edirəm ki, bu gün Azərbaycanın reallığını rayonlara səfər ən yaxşı nümayiş etdirir. Xüsusilə dağıdılmış və ermənilərin işğal etdiyi rayonları nəzərdə tuturam.” Sonda cənab Prezident müzakirələrin davam etdirilməsinin və beynəlxalq ekspertlər arasında əməkdaşlığın yeni yanaşmaların formalaşmasına kömək edəcəyini ifadə edib: “Əminəm ki, dünənki və bugünkü müzakirələr və ekspertlər arasında qarşılıqlı əlaqələr bizə birgə yanaşmaları hazırlamağa və keçən dəfə, ötən il görüşdüyümüzdən bəri tamamilə fərqli olan sürətlə dəyişən dünya ilə bağlı fikirlərimizin mübadiləsinə kömək edəcək.”

 

Mətanət Səfərli 

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı