Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Sabahinfo.az-a verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində "DAF" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib və avtomobil körpüdən aşıb. Qəza nəticəsində avtomobilin ön hissəsi yanıb, sürücü və sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
09:04
Bu gün saat 04:00-da Qızılburun - Gilgilçay istiqamətində hərəkət edən yük avtomobili idarəetməni itirərək körpüdən aşıb və dəmir yolu xəttinin üzərinə düşüb.
Azərbaycan Dəmir Yollarından (ADY) Sabahinfo.az-a verilən məlumata görə, hadisə nəticəsində yanğın baş verib, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadası dərhal hadisə yerinə cəlb edilib və yanğın qısa müddətdə söndürülüb. Hadisənin baş verdiyi vaxt həmin sahədə qatarlar hərəkətdə olmayıb. Hazırda yük maşınının sahədən götürülməsi üçün tədbirlər görülür və dəmir yolu infrastrukturuna dəymiş ziyan müəyyənləşdirilir.
İlkin araşdırmalara əsasən dəmiryol xəttinin kontakt şəbəkəsi ciddi zədələnib və hazırda həmin istiqamət üzrə qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb. Baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində sürücü həyatını itirib. Hadisənin baş vermə səbəbləri araşdırılır.