Yürüdülən siyasətin əsas hədəfi  Azərbaycanın daha da güclənib, qüdrətlənməsidir

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbə təkcə regionu erməni təhdidindən xilas edib, bölgədə yeni reallıq yaratmadı, o cümlədən  bütövlükdə Cənubi Qafqazın  dünya birliyinə inteqrasiyası, digər region ölkələri, digər dövlətlərlə, beynəlxalq təşkilatlarla daha sıx əməkdaşlığının  yeni bir mərhələsinin bünövrəsini qoydu.

Bunu “Ölkə.Az”a açıqlamasında Millət Vəkili İltizam Yusifov deyib.

Onun sözlərinə görə, Azərbaycan yeni reallığın tələblərinə uyğun olaraq Cənubi Qafqazın sülh və əməkdaşlıq bölgəsi olması istiqamətində aktiv siyasətini yürütməkdədir. “Vətən müharibəsində əldə edilən qələbədən qısa müddət keçməsinə baxmayaraq Azərbaycan bölgədə dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin və six əməkdaşlıq formatının yaradılması və möhkəmlənməsinə  xidmət edən bir çox konkret addımlar  atıb. İyulun 27-də Bakıda  Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin rəhbərlərinin görüşü  və görüşün yekunu olaraq imzalanan Bakı Bəyannaməsi bu istiqamətdə atılan real addımlardan biridir. Bu əməkdaşlıq formatı təkcə üç qardaş ölkə arasında deyil, eyni zamanda bu coğrafiyada yerləşən digər region ölkələri, dünya dövlətləri, regional  və beynəlxalq təşkilatlarla əməkdaşlığı özündə ehtiva edir. Bu baxımdan Bəyannamədə parlamentlərarası dialoqu, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək, ümumi maraq doğuran regional və qlobal məsələlər üzərində birgə işləmək və beynəlxalq parlament təşkilatlarında üç qardaş ölkənin ortaq mövqe müəyyənləşdirmək niyyətinin,  beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, beynəlxalq məsələlərin həllində parlament diplomatiyası mühüm rol oynaması xüsusi qeyd olunub. Müasir dünyada  ölkələrarası və beynəlxalq münasibətlər sistemində  sıx əməkdaşlıq əlaqələrinin  qurulması və möhkəmlənməsində parlament diplomatiyasının rolunun artması  baxımdan xüsusi əhəmiyyət kəsb edir”- o qeyd edib.

Deputat əlavə edib ki,  bu əməkdaşlıq formatı  eyni zamanda beynəlxalq təşkilatların, o cümlədən parlament assambleyalarının konstruktiv dialoq və əməkdaşlıq üçün əlverişli platforma təqdim etməsinin, maraq doğuran müxtəlif sahələrdə daha yaxşı iş birliyi qurulması səylərində hökumətlərə hərtərəfli dəstəyin qeyd edilməsi, eləcə də qərar vermə proseslərində qadın parlament üzvlərinin rolunun gücləndirilməsi üçün təşəbbüslərin və addımların dəstəklənməsi,  əməkdaşlığımın dərinləşdirilməsi baxımdan mühüm bir amilə çevriləcəkdir: “Bu eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində yaranan yeni reallığın gündəliyinə uyğun olaraq  regional iqtisadi əməkdaşlığa böyük töhfə vermiş olacaq.  Artıq yaranan yeni şəraitə uyğun olaraq  bölgədə bütün nəqliyyat və kommunikasiya əlaqələrinin reallaşması üçün imkanlar yaranıb. Bu gün artıq Zəngəzur dəhlizinin bərpa olunması üçün addımlar atılır ki,  bu da Türkiyə ilə Azərbaycan arasında, o cümlədən Londondan Pekindək birbaşa və daha səmərəli əlaqəni təmin edə biləcək bir nəqliyyat  dəhlizdir. Bildiyiniz kimi, Xəzər dənizi vasitəsilə Əfqanıstan və Mərkəzi Asiyanı Cənubi Qafqaz regionu və Türkiyə ilə birləşdirən Lapis Lazuli dəhlizi regional nəqliyyat əlaqələrini getdikcə genişləndirməkdədir. Zəngəzur dəhlizi işə salındıqdan sonra qardaş Pakistandan, Çindən, Hindistandan Türkiyəyə və oradan da Avropa ölkələrinədək nəqliyyat xəttinin səmərəli fəaliyyəti reallığa çevriləcəkdir. Bu  həm Cənubi Qafqaz ölkələrinin, həm də digrə ölkələr və xalqlar arasında əlaqələrin yenidən canlanmasını təmin etməklə, onların rifahının yüksəlməsinə böyük töhfə verəcəkdir”.

 Deputat son olaraq onu da qeyd edib ki, cənab Prezidentin yürütdüyü xarici siyasətin ana xəttini dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi  təşkil edir və biz də onun yürütdüyü siaysətdə bunun şahidi olmaqdayıq: “Yürüdülən siyasətin əsas hədəfi  Azərbaycanın daha da güclənib, qüdrətlənməsidir. Qarşısında duran problemlərin həllin, insanların rifah halında yaşamasına və dövlətimizin dünyada nüfuzunun artaraq möhkəmlənməsinə xidmət edir”.