"Azərbaycanın son 100 ilində dövlət müstəqilliyimiz heç vaxt indiki qədər gerçək xarakter daşımayıb".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.
Zahid Oruc bildirib ki, 1918-ci ildə yaradılan bayraq yalnız indi qalib və qurucu bir liderin dəmir əlləri ilə hər qarış Vətən torpağında dalğalanır.
O qeyd edib ki, o zaman Gəncədən Bakıya gətirilən Cümhuriyyətlə müqayisədə, indi İlham Əliyev qalib dövlətimizi paytaxtdan bölgələrə doğru aparır:
"Biz liderləri öz dövründən və tarixi şərtlərdən ayırıb müqayisə etmirik. Lakin bir gerçək hamıya aydındır — torpağı, vətəni, milləti sevmək, yaxud proqramlar hazırlamaq, xalqı meydanlara toplamaq və şüar söyləmək, düşməni göstərməklə iş bitmir. Əsil millət öndərliyi mənsub olduğun xalqın keçdiyi siyasi quruluşları, hərbi məğlubiyyət və faciələri düzgün təhlil edib, tarixin gedişini dəyişdirmək bacarığıdır".
Parlamentin üzvü vurğulayıb ki, İlham Əliyev 28 may inqilabını edib, bütün ərazisində üçrəngli bayrağı yaymaq imkanı olmayan 100 il əvvəlki rəhbərlərin arzularını reallaşdırır. O, Qərbi Zəngəzuru ermənilərə bağışlayan, Naxçıvanı isə Azərbaycandan ayıran sovetlərin qərarlarını geri qaytarır.
"Nə Rəsulzadə, nə Nərimanov, nə də ondan sonrakı dövlət adamlarımız bir türk və ya dünya liderini Zəngilana, Şuşaya, Laçına gətirməyə nail ola bilmədilər. O coğrafiyada yalnız İran, Rusiya, sovet qoşunları hökmranlıq etdi; daha əvvəl Osmanlı orduları, ardınca Almaniya-Britaniya silahlı qüvvələrindən başqa müttəfiqlərimiz Arazboyu çiyin-çiyinə dayanmadılar. 30 il əvvəl o dağlar itiriləndə Qarabağ təslim oldu. Vətən müharibəsindən sonra da Laçını 25 km-lik dəhlizə çevirmək istədilər. Prezident isə azad torpaqlara yeni siyasi status qazandırır, strateji hərbi yüksəkliyə, müdafiə istehkamına çevirir, bir daha işğala məruz qalmayacağının zəmanətini hazırlayır. Azad torpaqlara qoyulan hər daş, tikilən yol, hava limanı təkcə Böyük Qayıdışın deyil, daha uzaqvədəli planın tərkib hissəsidir. Prezident 7 yanvarda bildirdi ki, Naxçıvan, Şərqi Zəngəzur və Qarabağ vahid məkana çevrilir".
Deputat qeyd edib ki, geosiyasətin bir qanunu var — coğrafi böyümədən sonra mütləq siyasi və iqtisadi miqyasca genişlənməlisən.
"Biz imperiya qurmaq və başqa əraziləri ələ keçirmək xəstəliyinə tutulmamışıq. Lakin İqdırdan gələn qaz xəttinin açılışı da, Zəngilan, Laçın, Şuşa zirvələri də eyni məqsədə xidmət edir — Naxçıvanı Azərbaycanla birləşdirmək və Zəfərimizin davamını təmin etmək. İndi azad torpaqları zəhmətkeş, vətənsevər, təhsilli və sabahını yaxşı görən insanlarla zənginləşdirmək dövlət rəhbərinin başlatdığı Qalib Yüz İlə ən böyük töhfə olacaq".