Zahid Oruc: İmperiya varislərinin Bakı-İrəvan barışını alqışlamaması təəccüblü deyil

“Astanada prezident İlham Əliyevin verdiyi tarixi bəyanat dünyada böyük əks-səda doğurdu. Ölkə başçısı qeyd etdi ki, Ermənistana qoyulan tranzit məhdudiyyətləri aradan qaldırılıb. İlk belə addım Qazaxıstan taxılının daşınması olub. Açıqlama İrəvanda yüksək razılıqla qarşılandı, Paşinyan qərarı alqışladı, ölkə başçımıza təşəkkür etdi, lap elə indi Türkiyə və Azərbaycan arasında yüklərin tranzitini təmin etməyə hazır olduqlarını bildirdi”.

Sabahinfo.az  xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə çıxışı zamanı deyib. 

Deputat əlavə edib ki, doğrudan da 3 əsrlik düşmənçilik və 30 illik işğaldan sonra iki xalq arasında yaranan kövrək əlaqələr tarixi dönüş nöqtəsidir: “Bəli, Vətən müharibəmiz təkcə torpaqlarımızın azadlığı deyil, həm də bütün regional kommunikasiyaların açılması uğrunda aparılırdı. İlham Əliyev həmin məqsədləri gerçəyə çevirir, Vaşinqton sülh gündəliyini irəli aparır, İrəvanı qarşıdırma və ərazi iddialarından çıxarır, dinc qonşuluq münasibətləri üçün zəmin yaradır”.