7 fevral 2024-cü il tarixli prezident seçkiləri ölkəmizdə ilk dəfə yaşanılan mühüm tarixi hadisə idi. Müstəqil Azərbaycan tarixində ilk dəfə idi ki, seçkilər bütün ölkə ərazisində keçirildi. Vətən Müharibəsində qazanılmış qələbə və Qarabağda uğurla həyata keçirilmiş antiterror tədbirlərindən sonra növbədənkənar prezident seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin, Zəfərimizin təsbiti kimi çıxış etmiş və Zəfər seçkisi kimi tarixə həkk olunmuşdur. 7 fevral 2024 –cü il tarixili prezident seçkisində hər zaman olduğu kimi son sözü yenə Azərbaycan xalqı söylədi və xalqımız daxili sabitliyə, dayanıqlı iqtisadi inkişafa, güclü xarici siyasətə, qüdrətli orduya səs verdi, xalqımız 92,12 faiz səs çoxluğu ilə İlham Heydər oğlu Əliyevi prezident seçərək bir daha öz liderinə olan inamını və dəstəyini sübut etdi.
Cənab İlham Əliyevin 14 fevral 2024-cü il tarixdə Mili Məclisdə keçirilən andiçmə mərasimində etdiyi çıxış qalib dövlətin öz qalib lideri ilə yeni hədəflərini, qarşıda duran yeni məqsəd və vəzifələri, bir sözlə yeni stateji- inkişaf xəritəmizi müəyyən etmişdir.
Cənab İlham Əliyev 2003-cü ildə ilk dəfə prezident seçiləndə, eləcə də 2018-ci ildə keçirilən andiçmə mərasimində xalqı əmin etmişdir ki, qarşıda duran bütün vəzifələri icra edəcək, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunacaqdır. Budur, seçkilərin suveren Azərbaycanın hər bir rayonunda keçirilməsi, cənab Prezidentin Xankəndində səs verməsi, bütün bunlar göstərir ki, möhtərəm Prezidentimiz onun ətrafında sıx birləşən xalqımız ilə birlikdə bütün vəzifələrin öhdəsindən gəlmiş, verilən bütün sözləri reallığa çevirmişdir. Həm də, beynəlxalq hüququn işləmədiyi, beynəlxalq təşkilatların işğalçı Ermənistana qarşı heç bir ciddi sanksiya tətbiq etmədiyi bir məqamda biz öz taleyimizi özümüz həll etmişik.
Prezident İlham Əliyevin məhz Xankəndində səs verməsi səbəbsiz deyildi. Bununla da bir daha bütün dünyaya, Ermənistana və onun havadarlarına ciddi mesaj verildi, ölkəmizin suverenliyinin tam bərpa olunması, Xankəndinin doğma Azərbaycan torpağı olması bir daha hər kəsə nümayiş etdirildi. “Xankəndidə verilən səs, qutuya atılan bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”- cənab Prezident özü Xankəndində səs verməsinin səbəbini məhz bu sözlərlə ifadə etmişdir.
İlham Əliyev diplomatiyasının fundamentdində dayanan ən mühüm ideya xalqa arxalanan, xalqa güvənən, xalqın dəstəyi ilə həyata keçirilən, birlik və həmrəylik mühitinin inkişafına xidmət edən mütərəqqi siyasətdir. Təsadüfü deyil ki, andiçmə mərasimindəki çıxışında da cənab Prezident əldə edilmiş bütün nailiyyətlərin mənbəyinin Azərbaycan xalqı və onun vahid amal ətrafında birləşmə bacarığı olduğunu bildirmişdir.
Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızı düşməndən azad etmiş, düşməni kapitulyasiya aktını imzalamağa məcbur etmişdir. Vətən Müharibəsində Azərbaycanın mövqeyi ədalətli olduğu kimi, müharibədən sonrakı dövrdə ölkəmiz hər zaman ədalətli mövqe sərgiləmiş, səbr və inamla qarşı tərəfin üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməsini gözləmişdir. Bununla belə, İkinci Qarabağ Müharibəsi başa çatandan sonra Azərbaycan dəfələrlə Ermənistana və qanunsuz xunta rejiminə öz xəbərdarlığını etmişdir. Azərbaycan dəfələrlə Ermənistan rəhbərliyinə, eləcə də onun xaricdəki havadarlarına müraciət edərək bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır. Cənab Prezident dəfələrlə bildirmişdir ki, Azərbaycan öz ərazisində hər hansı qondarma rejimin və onun silahlı birləşməlirinin qalması ilə qətiyyən razılaşmayacaq. 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın ən mühüm şərtlərindən biri də o idi ki, erməni silahlı qüvvələri Azərbaycan Respublikası ərazilərindən çıxarılmalıdır. Kapitulyasiya aktına imza atan Ermənistan özü də artıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyırdı. Ona görə də lokal xarakterli antiterror tədbirləri qaçınılmaz idi. Lokal xarakterli antiterror tədbirlərinin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi və Azərbaycan öz suverenliyini bütün ölkə ərazisində bərpa etdi.
Ölkəmizin son 20 illik tarixində inkişafı, qazandığımız nailiyyətlər, regionda, türk dövlətləri arasında, eləcə də ümumdünya səviyyəsində nüfuzumuzun artması göz qabağındadır. Cənab İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində ölkəmizin keçdiyi inkişaf yolunu, onun dövlət, xalq üçün gördüyü misilsiz xidmətləri inkar etmək mümkün deyil. Enerji, xüsusən yaşıl enerji, eləcə də nəqliyyat-logistika sahəsində cənab Prezidentin xidmətləri, Cənub Qaz Dəhlizinin genişləndirilməsi, 2022-ci il iyulunda Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması, Avropaya enerji ixracını artırmağımız, ölkəmizin enerji sahəsində “regionun lideri” və “etibarlı tərəfdaş” statuslarını qazanması, dünyanın ən böyük ikinci təşkilatı olan 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına uğurla sədrliyimiz, ən yeni uğurlarımızdan biri olan dünya dövlətlərinin yekdilliklə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsinə dair qərar qəbul etməsi, iqtisadi, sosial, mədəni və digər sahələrdə qazandığımız hər bir uğur bu gün Azərbaycanın öz inkişafının zirvəsində olduğunu təsdiq edir.
Artıq ölkəmiz üçün yeni mərhələ başlayıb və bu inkişaf yeni mərhələdə də müsbət ab-havada, daha da sürətlə davam edəcək. Silahlı Qüvvələrimizin gücləndirilməsi, Xüsusi Təyinatlı Qüvvələrin sayının artırılması, Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbi sənaye kompleksinin inkişaf etdirilməsi, hərbiçilərimizin peşəkarlığının və təcrübəsinin artırılması ölkəmizin daim ən çox diqqət yetirdiyi və bundan sonra da daha böyük büdcə ilə həyata keçirəcəyi önəmli vəzifələrdəndir.
Vətən Müharibəsi başa çatdıqdan dərhal sonra Böyük Qayıdış planının təsdiqlənməsi və onun ən yüksək şəkildə icra edilməyə başlanması, soydaşlarımızın 30 il sonra ata-baba yurduna qayıtması müasir tarixmizin ən əlamətdar hadisələrindən biridir. Qədəm qoyduğumuz yeni inkişaf mərhələsində də Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi dövlətimiz qarşısında dayanan önəmli vəzifələrdən biridir.
Cənab İlham Əliyevin yeni prezidentlik mərhələsində sosial-iqtisadi layihələrin həyata keçirilməsi davam edəcək, ixrac coğrafiyamızın genişləndirilməsi, enerji, xüsusən bərpaolunan enerji, eləcə də nəqliyyat-logistika sahəsində işlərimizi davam etdirəcəyik. Milli-mənəvi dəyərlərimizin qorunması, azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsi, sağlam gənc nəslin, sağlam vətəndaş cəmiyyətinin formalaşdırılması, demokratik ənənələrin dərinləşdirilməsi, bizə Zəfəri bəxş edən birlik və həmrəyliyimizin qorunması da həmişəki kimi ön planda olmalıdır.
Bu gün Azərbaycanın beynəlxalq nüfuzu heç kimə sirr deyil, bu nüfuzu daha da artırmaq, Türk dünyası ilə münasibətləri qorumaq, dünya birliyinin yekdilliklə qəbul etdiyi qərar əsasında COP29 Konfransını Azərbaycana layiq şəkildə təşkil etmək qarşıda bizi gözləyən vəzifələrdəndir.
Güclü iqtisadiyyatımız, güclü ordumuz, daxili sabitliyimiz, xalq-iqtidar birliyimiz davam etdikcə bütün bu vəzifələrin də öhdəsindən gələcəyimizə heç bir şübhə yoxdur. Cənab İlham Əliyevin 2003-cü ildən bu günə kimi, 20 illik prezidentiliyi dövründə baş verən hadisələr, onun liderliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması xalqımızın seçiminin həmin seçkilərdə nə qədər düzgün siyasi və tarixi bir qərar olduğunu sübut etdiyi kimi, əminəm kimi yeni prezidentlik dövründə cənab İlham Əliyevin rəhbərliyi ilə qazanacağımız yeni uğurlar, ölkəmizin parlaq gələcəyi və inkişafı Zəfər seçkisində xalqımızım verdiyi qərarın ən düzgün qərar olduğunu təsdiq edəcəkdir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin
sədri Ziyafət Əsgərov