Hələ 20 il öncə - 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bəyan etdi. O, üzünü xalqa tutaraq qarşıdan gələn Prezident seçkilərində siyasi varisi, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırdı. Ulu Öndər müraciətində qeyd edirdi ki, cənab İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, deyə Heydər Əliyev müraciətində bildirirdi.
2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxunun səsini qazanan cənab İlham Əliyev qısa müddət ərzində ölkə iqtisadiyyatında qeyri-neft sektorunu inkişaf etdirdi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya İdman Komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi. Dövlət başçısı İlham Əliyev “neft kapitalını insan kapitalına çevirək” şüarı ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirdi və bununla da Azərbaycanın gələcək inkişafını təmin etdi.
Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsi ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi.
Prezident İlham Əliyev xalqa verdiyi vədləri bir-bir yerinə yetirməyə başladı. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 20 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olundu, insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanın siyasi, iqtisadi potensialı bir neçə dəfə artdı.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bütün beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı və ölkəmizin ərazi bütövlüyünü dəstəklədilər. Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunu və qüdrətini artırdı.
Azərbaycanda ötən 20 il ərzində güclü müdafiə sənayesi quruldu, Ordumuz dünyanın 50 ən güclü ordusundan biri oldu. Döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər özünün müsbət nəticəsini verdi. Prezident İlham Əliyevin qarşısında duran əsas məqsəd və vəzifə ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi.2020-ci il sentyabrın 27-də başlanan “Dəmir yumruq” əməliyyatı Azərbaycanı Qarabağın azadlığına qovuşdurdu. 44 günlük Vətən Müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Bu gün Azərbaycanın üçrəngli bayrağı Şuşada, Xocalıda, Ağdamda dalğalanır. Cənab İlham Əliyevin ötən 20 illik fəaliyyəti dövründə yalnız Vətən müharibəsində qazanılan uğuru kifayətdir ki, onun adı Azərbaycan tarixinə qızıl hərflərlə düşsün. O, son 100 ildə Azərbaycan tarixində yeganə siyasi liderdi ki, ərazi bütövlüyümüzü bərpa edib. Bu il aprelin 23-də Laçında Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurulması, sentyabrın 19-da isə Ermənistan silahlı qüvvələrinin törətdiyi terror hadisəsinə cavab olaraq başladılan bir günlük lokal antiterror tədbirləri qələbəmizi bütövləşdirdi. 24 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini, qeyri-qanuni erməni silahlı dəstələrini tamamilə susdurdu. Ermənistan silahlı qüvvələri birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin, o cümlədən Qarabağdakı qondarma rejimin buraxılması, paralel olaraq bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Qələbəmizin təntənəsi oldu. Bu gün Qarabağdakı qondarma rejimin əlləri günahsız azərbaycanlıların qanına batmış cani liderləri Bakıda həbsxanada öz cəzalarını çəkirlər. Bir vaxtlar bizə inandırıcı görünməyən, bu günün özündə bizə yuxu kimi gələn bu möhtəşəm hadisələr cənab Prezident İlham Əliyevin uzaqgörənliyi və qüdrəti sayəsində reallığa çevrilib.
Təbii ki, Prezident İlham Əliyevin siyasi portretini formalaşdıran ən mühüm cizgilər həm də regionların sosial-iqtisadi inkişafı konsepsiyasında öz əksini tapıb. Prezident seçildikdən sonra Azərbaycanın bütün bölgələrinin inkişafını strateji məqsəd kimi müəyyənləşdirən Prezident bu istiqamətdə mühüm uğurlara nail olunmasını təmin edib.
Azərbaycan Prezidentinin siyasi kursunun təbliğində və təşviqində aparıcı siyasi qüvvə kimi özünü təsdiq edən Yeni Azərbaycan Partiyası təkcə Azərbaycanın deyil, regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrilmişdir. 760 mindən artıq üzvü olan partiyanın fəaliyyəti bütövlüklə ölkənin inkişafı və milli həmrəyliyin təmin olunmasına xidmət edir. Ölkədə demokratik islahatların dərinləşdirilməsi, milli-mənəvi, dövlətçilik dəyərlərinin təbliği istiqamətində yorulmadan çalışan partiyamız bu gün Azərbaycanın siyasi palitrasında avanqard rolunu oynayır. Böyük potensiala malik olan YAP Prezident İlham Əliyevin siyasi dəsti-xəttinə xidmət edərək ölkədə peşəkar vətənpərvər kadrların yetişdirilməsində əsas siyasi birliyə çevrilmişdir.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı