Noyabrın 7-də Azərbaycanda Qadın Sahibkarlığınin İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə “Zəfərin Zirvəsində 2023 ” adlı tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələri, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Milli Məclisin deputatları, dövlət rəsmiləri və AQSİA üzvləri iştirak ediblər.
Türkdilli Qadın Sahibkarlar Komissiyasının təşəbbüsü ilə keçirilən tədbiri AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva açaraq hər kəsi salamlayıb. O, 44 günlük müharibə müddətindən bugünə qədər vətən keşiyində duran hərbçilərimizin, şəhid ailələrinin və qazilərin yanında olduğunu, şəhid xanımların evdə məşğulluğunun təminatı üçun dəstək verildiyini vurğulayıb.
Tədbir çərçivəsində Şəhidlərimizə həsr edilmiş videoçarx nümayiş etdirilib, şəhid övladlarının ifası dinlənilib.