2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 6 saylı Ordubad-Culfa seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüqar Rəhimzadənin Ordubad rayonunun Dəstə kənd seçiciləri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan YAP-ın uğurlarından geniş bəhs edib. Bildirib ki, suverenliyimizin tam bərpa olunması ilə yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında yeni hədəflər dayanır: “Cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının “Yeni dövrə yeni Azərbaycanla!” şüarı bu hədəflərin təqdimatıdır. Partiyanın seçki platformasında Azərbaycanın qazandığı möhtəşəm zəfərlər, YAP-ın bu uğurlarda payı öz əksini tapıb. YAP daim seçkilərə böyük qələbə əzmi ilə qatılır”.
E.İsmayılov deputatlığa namizəd Vüqar Rəhimzadə haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Vüqar Rəhimzadə Azərbaycanın tarixi Zəfərindən, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq prosesinin həyata keçirilməsindən, bu torpaqların mərhələ-mərhələ sakinlərinə qovuşmasından danışıb. Qeyd edib ki, bütün bunlar Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin və son 20 ildən artıq dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir: “Azərbaycan daim irəliyə doğru addımlayır, yeni hədəflər uğurlu gələcəyin aydın ifadəsini yaradır. 2024-cü il müstəqillik tariximizə seçki ili kimi yazılacaq. Qürurvericidir ki, bu seçkilər bütün ölkə ərazisini əhatə edir”.
Vüqar Rəhimzadə çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə, seçki hüquqlarından istifadə edərək yeni dövrün, yeni Azərbaycanının daha möhtəşəm uğurlara imza atmasına dəstək olmaq üçün YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Tədbirdə kənd ağsaqqalı Hacı Əliqulu Əsgərov, şəhid anası Lalə Nəbiyeva, Həsənqulu Həsənov, Hüseynqulu Bağırov, Novruz Əzimov, namizədin vəkili Fərman Rəsulov və başqaları çıxış edərək bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan YAP yarandığı gündən dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edib. YAP-a xalqın inamı və etimadı böyükdür.
Çıxış edənlər seçiciləri Azərbaycanın uğurlarının davamlılığını təmin etmək üçün YAP-ın namizədinə səs verməyə çağırıblar.
Qeyd edək ki, deputatlığa namizəd Dəstə kəndindəki Şəhidlər bağında olub, şəhid ailələri və kənd sakinləri ilə görüşüb, Şəhidlər bağında ağac əkib.