Ukrayna prezidenti Vladimir Zelenski ehtiyatda olanların hərbi xidmətə çağırılması haqqında qanunu imzalayıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə Zelenskinin mətbuat xidməti məlumat yayıb.
Mart ayının sonunda Ukrayna parlamenti Donbasda vəziyyətin gərginləşməsi halında ehtiyatda olanları səfərbər etməyə imkan verən qanunu qəbul edib. Prezidentin parlamenti göndərdiyi qanunu 256 deputat dəstəkləyib.
"Prezident ehtiyatda olanların xüsusi dövrlərdə hərbi xidmətə çağırılması haqqında qanun imzalayıb. Bu sənəd Ukrayna Silahlı Qüvvələrinin və digər hərbi birləşmələrin xüsusi dövrlərdə səfərbərlik elan etmədən ehtiyatda olanlarla (döyüş təcrübəsi olan hərbi təlim keçmiş şəxslər) komplektləşdirilməsi üzrə tələbləri təkmilləşdirəcək, hərbi təcavüz zamanı döyüş effektivliyini, müdafiə qüvvələrinin döyüş potensialını əhəmiyyətli dərəcədə artıracaq", - deyə məlumatda qeyd edilib.