Zərifə xanım Əliyeva – elm və mənəviyyatın vəhdətini özündə birləşdirən, Azərbaycan qadınının zəngin ruhunu təcəssüm etdirən nadir simalardandır.
Xoşbəxtlik, bəzən nisbi anlayış kimi qəbul olunsa da, bəzi insanlar Tanrı tərəfindən seçilərək, bu dünyada müstəsna izlər buraxır. Onlar, sağlığında insanlar arasında sevgi və rəğbət qazanaraq, tarixin səhifələrində əbədi iz buraxan unudulmaz şəxsiyyətlərdir. Bu şəxslərdən biri də əvəzolunmaz ana, sədaqətli həyat yoldaşı, elm fədaisi, qeyri-adi şəxsiyyət, qayğıkeşliyi və nəcibliyi ilə könüllərdə əbədi bir yer qazanan Akademik Zərifə xanım Əliyevadır. Bu zərif qadını tanıyanlar həmişə onu hörmətlə yad edirlər.
Ən yaxın tariximizə nəzər salanda, Azərbaycan qadınının cəmiyyətdə tutduğu mövqenin necə mühüm və təsirli olduğunu aydın şəkildə görürük. Bu mənada Zərifə xanım Əliyevanın adı xüsusilə önə çıxır. O, təkcə akademik səviyyədə böyük uğurlar qazanan elm xadimi deyildi – o həm də ailəsinə, vətəninə və dəyərlərinə sadiq olan, nümunəvi bir Azərbaycan qadını idi. Zərifə xanımın həyat yoluna baxanda, onun sadəcə bir həkim və alim yox, eyni zamanda millətinə bağlı, öz zəhməti və bilikləri ilə insanlara fayda verməyə çalışan, yüksək mənəviyyat sahibi bir ziyalı olduğunu görürük. O, qadınların elmə, tibb sahəsinə gəlməsinə yol açan, nümunə olan şəxsiyyətlərdən biri idi. Zərifə xanımın həyat tərzi və mənəvi duruşu bu gün də qadınlara bir örnəkdir.
Akademik Zərifə Əliyeva Azərbaycanın tibb elminə, xüsusilə oftalmologiya sahəsinə mühüm töhfələr vermiş, bu sahədə ilk akademik qadın kimi tarixə düşmüşdür. Onun təşəbbüsü və əzmkar fəaliyyəti nəticəsində ölkəmizdə ilk dəfə olaraq peşəkar göz patologiyası laboratoriyaları yaradılmış, müasir tibbi diaqnostika və müalicə üsullarının tətbiqi genişlənmişdir. Azərbaycan oftalmologiya məktəbinin parlaq siması, dünya tibb ictimaiyyətində böyük nüfuz qazanmış, yüksək intellekt və nadir insanlıq keyfiyyətlərinə malik akademik Zərifə xanım Əliyeva elə bir ömür yaşayıb ki, bu gün onun açdığı elmi yol, qoyduğu izlər zamanın sınağından çıxaraq nəsillər üçün örnəyə çevrilib. Zərifə xanımın tibb sahəsində apardığı fundamental araşdırmalar, xüsusilə göz xəstəliklərinin profilaktikası və müalicəsi üzrə elmi yenilikləri, yalnız Azərbaycanda deyil, bütün dünya tibb aləmi tərəfindən böyük maraqla qarşılanıb və tətbiq olunub. Onun qələmindən çıxan monumental elmi əsərlər, praktiki tövsiyələr bu gün də oftalmologiya sahəsində çalışan mütəxəssislər üçün dəyərli mənbə rolunu oynayır. Elmi nailiyyətləri, pedaqoji fəaliyyəti, yüksək vətəndaşlıq mövqeyi, elmə və insanlara sonsuz sevgisi onu Azərbaycan elminin və mənəviyyatının əbədiyaşar simalarından birinə çevirib.
Zərifə xanım Əliyeva sadəcə bir alim deyildi – o, gözlərə işıq bəxş etməklə yanaşı, könüllərə də nur saçan nadir şəxsiyyət idi. Öz fitri istedadı, əzmkarlığı, zəhmətsevərliyi ilə elmin ən uca zirvəsinə ucalaraq, milli-mənəvi dəyərlərə bağlılığını daim uca tutdu, Vətənin adını dünyada ucaltdı. Onun elmi irsi, həyat fəlsəfəsi, vətənpərvərliyi bu günün gənclərinə yol göstərir, sabahın alimlərinə ilham verir.
Böyük intellektə və dərin biliyə malik insanlar, adətən, geniş ürəkli, saf niyyətli olurlar. Bu keyfiyyətlər insanda təkcə oxuyub-öyrənməklə formalaşmır — bu, ailədən, kökdən, genetik və mənəvi irsdən gəlir. Azərbaycanın görkəmli ictimai və siyasi xadimlərindən olan akademik Əziz Əliyev də məhz belə bir irsin daşıyıcısı idi. O, övladlarını yalnız savadlı və bilikli deyil, həm də mənəviyyatlı, pak, xalqına və dəyərlərinə sadiq insanlar kimi tərbiyə etmişdi. Zərifə xanım Əliyeva da məhz bu ailə mühitində, yüksək milli dəyərlər və mənəvi zənginlik içində böyümüşdü. Atası Əziz Əliyev öz xalqına vicdanla xidmət edən, ictimai borcunu dərindən anlayan, yüksək əxlaq sahibi bir şəxsiyyət idi. Bu tərbiyənin, bu mənəvi məktəbin nəticəsidir ki, Zərifə xanım təkcə elm adamı deyil, həm də böyük şəxsiyyət, nümunəvi bir Azərbaycan qadını olaraq formalaşdı. Bu ailənin ətrafında olan ziyalı çevrəsi də sadə deyildi — Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Qara Qarayev, Mirəsədulla Mirqasımov, Bülbül kimi dahilər bu ailənin yaxın dostları idi. Bu, təsadüfi bir dost çevrəsi deyil, bu, milli irsimizin, mədəniyyətimizin sütunlarını təşkil edən insanlar idi. Akademik Topçubaşovun Əziz Əliyev haqqında dediyi “O, sadəcə tibb xadimi deyil, cəmiyyəti müalicə edən bir həkimdir” sözləri onun cəmiyyətə necə dərin təsir etdiyini çox gözəl ifadə edir.
Zərifə xanım təkcə elmi fəaliyyəti ilə deyil, həm də ictimai həyatda fəallığı ilə seçilirdi. O, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsində fəaliyyət göstərən ilk azərbaycanlı qadın kimi beynəlxalq platformada xalqımızı layiqincə təmsil etmişdir. Onun maarifçi düşüncəsi, yüksək intellekti və milli dəyərlərə bağlılığı hər bir fəaliyyətində öz əksini tapmışdır.
Geniş və çoxşaxəli fəaliyyəti ilə yanaşı, Zərifə Əliyeva həm də vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana kimi yadda qalmışdır. Ümummilli lider Heydər Əliyevin həyat yolunda onun ən yaxın silahdaşı, övladlarının isə mənəvi dayağı olmuşdur. Ailədə milli ruhda, yüksək mənəvi keyfiyyətlərə sahib övladların yetişməsi Zərifə xanımın analıq missiyasının ən ali nümunəsidir.
Bu gün onun müqəddəs ailə ocağını iki ləyaqətli övladı və nəvələri yaşadır, dəyərlərini yaşadırlar. Zərifə xanım eyni zamanda incəsənətə və mədəniyyətə dərin marağı, zövqü ilə də seçilən bir ziyalı idi. Onun zəngin mənəviyyatı və yüksək mədəni səviyyəsi onu hər zaman nümunəvi şəxsiyyətlər sırasında saxlayacaqdır.
Zərifə xanım Əliyevanın əziz xatirəsi bu gün də xalqımızın qəlbində dərin hörmət və ehtiramla yaşayır. Onun həyat yolu, elmə və cəmiyyətə verdiyi töhfələr Azərbaycan qadınının müdrikliyini, fədakarlığını və yüksək mənəvi keyfiyyətlərini təcəssüm etdirir. Bu gün biz fəxrlə deyə bilərik ki, Zərifə xanımın böyütdüyü və tərbiyə etdiyi Prezident İlham Əliyev Azərbaycan dövlətçiliyini daha da gücləndirmək, ölkəmizin müstəqilliyini və suverenliyini möhkəmləndirmək yolunda qətiyyətlə və yorulmadan çalışır.
Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti və əzmkar fəaliyyəti nəticəsində Azərbaycan beynəlxalq arenada söz sahibi olan, sabit və dinamik inkişaf edən bir dövlətə çevrilib. Bu uğurların kökündə məhz ailədən gələn dəyərlər, Vətənə olan sonsuz sevgi və xalqa xidmət etmək əzmi dayanır.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva da Zərifə xanımın ali insani keyfiyyətlərini, mədəniyyətə, elmə, təhsilə və insanlara olan həssas münasibətini layiqincə davam etdirir. Mehriban xanımın gördüyü işlər və ictimai fəaliyyəti müasir Azərbaycan qadınının nümunəsini yaradır – zəkalı, mərhəmətli, prinsipial və milli dəyərlərinə bağlı bir obraz.
Zərifə xanımın adı bu gün sadəcə bir alim və həkim kimi deyil, həm də ailəsinə, xalqına və dövlətinə sədaqətli bir şəxsiyyət kimi ehtiramla yad edilir.
Hicran Hüseynova,
Milli Məclisin komitə sədri, professor