Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev görkəmli oftomotoloq Zərifə Əliyeva barəsində fikir səsləndirərkən onun elmi sahə ilə yanaşı ailə məsələlərində xüsusi rol oynadığını qeyd edib:“Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.”
Tibb elminə verdiyi töhfələrlə yanaşı, həm də cəmiyyətə xidmət sahəsindəki fəaliyyətləri Zərifə xanım Əliyevanın xalqımızın yaddaşına qızıl həriflərlə yazılmasına səbəb olub.
Elmi sahədə ortaya qoyduğu işlərlə mühüm nəaliyyətlərə imza atan Zərifə Əliyeva Azərbaycan səhiyyəsinin inkişafında özünəməxsus rol oynayıb. Görkəmli alim 32 yaşında tibb elmləri doktoru dissertasiyasını müdafiə etmiş öz gələcək taleyini məhz tibb elminə həsr etmək barədə qərar qəbul edir. Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayan Zərifə Əliyeva 1950-ci ildə aspiranturaya daxil olaraq həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir.
Zərifə Əliyeva “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etməklə onun təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz göz sahəsində bir sıra xəstəliklərdən xilas olur.
Zərifə xanım təkcə elmi fəaliyyəti ilə deyil, həm də ictimai həyatda fəallığı ilə seçilirib. O, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsində fəaliyyət göstərən ilk azərbaycanlı qadın kimi beynəlxalq platformada çıxışlar edib. Onun maarifçi düşüncəsi, yüksək intellekti və milli dəyərlərə bağlılığı hər bir fəaliyyətində öz əksini tapıb. Bununla yanaşı Zərifə xanım incəsənətə və mədəniyyətə dərin marağı, zövqü ilə də seçilən bir ziyalı idi. Onun zəngin mənəviyyatı və yüksək mədəni səviyyəsi onu hər zaman nümunəvi şəxsiyyətlər sırasında saxlayacaqdır.
Zərifə xanım Əliyeva özünün bütün əhatəli elmi fəaliyyəti ilə yanaşı, eyni zamanda, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı olmuş, sahib olduğu ailə ocağının daim xoşbəxt olmasını təmin edə bilmişdir.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı