Zərifə xanım Əliyevanın zəngin həyat yolu bugünkü və gələcək nəsillərə parlaq nümunədir

Heydər Əsədov

​​Milli Məclisin deputatı

Bu gün xatirəsini dərin hörmət və ehtiramla yad etdiyimiz Zərifə xanım Əliyeva ömrünü tibb elminə, oftalmologiyanın inkişafına və insanların sağlamlığına həsr etmişdir. XX əsrin ortalarında geniş yayılmış və ağır fəsadlara yol açan traxoma xəstəliyinə qarşı mübarizədə Zərifə xanım Əliyevanın göstərdiyi əhəmiyyətli fəaliyyət, bu sahədə elmi-tədqiqat işləri və təqdim etdiyi müalicə metodları nəticəsində xəstəlik ölkədə ləğv edilmişdir. Kimsəsiz uşaqlar arasında traxoma ilə mübarizə bölgələrdə apardığı maarifləndirici tədbirlər, həkim-oftalmoloqlarla yerində keçirdiyi seminarlar Onun həm həkim, həm də humanist ziyalı kimi xarakterini üzə çıxarmışdır.

Zərifə xanımın “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri”, “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” kimi əsərləri tibb sahəsi üzrə mühüm əhəmiyyət daşıyır. Dünya şöhrətli alim 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və vəsaitlərin, bir ixtiranın, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifidir. O, 1981-ci ildə oftalmologiya sahəsində böyük xidmətlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Eyni zamanda oftalmoloq alim müxtəlif elmi və ictimai qurumlarda fəal iştirak etmiş, sülh təşəbbüslərinin, elmi biliklərin təbliği istiqamətində mühüm işlər görmüşdür.

Zərifə xanım ailə və cəmiyyət qarşısında məsuliyyətini daim ön planda saxlamış, yüksək insani keyfiyyətləri ilə seçilmişdir. Onun “Həkim insanın ən doğma adamıdır” fikri həyat amalını aydın ifadə edir.

Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında qeyd etmişdir: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”.

Ümummilli Liderin bu fikirləri Zərifə xanımın yüksək mənəvi keyfiyyətlərini və cəmiyyətə verdiyi töhfələri əks etdirir. Dünya şöhrətli alim həm də ailəsinə və cəmiyyətə göstərdiyi qayğı ilə nümunəvi şəxsiyyətə çevrilmişdir. Zərifə xanımın həyatı və fəaliyyəti qadınlara örnək olmaqla yanaşı, elm və humanizm dəyərlərinin təbliğində mühüm rol oynamışdır. Onun şəxsiyyətində elm, ailə və insanpərvərlik kimi ali dəyərlər vəhdət təşkil etmişdir.

Prezident İlham Əliyevin fikirləri Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə işıq salır: “Zərifə xanımın nurlu obrazı həmişə bizim ürəyimizdədir. Onu tanıyanlar, haqqında kitablarda, məqalələrdə oxuyanlar da hesab edirəm ki, onun nurlu obrazını daim öz ürəyində saxlayır. Zərifə xanım böyük həkim, böyük alim, böyük insan idi. Onun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır”.

Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolu bugünkü və gələcək nəsillərə parlaq nümunədir. 2023-cü ildə oftalmoloq alimin 100 illik yubileyi münasibətilə dövlət səviyyəsində silsilə tədbirlər keçirilmişdir. Bu, Zərifə xanımın misilsiz xidmətlərinə verilən yüksək dəyərin və əziz xatirəsinin yaşadılmasının bariz ifadəsi olmuşdur.