“Azərbaycanın bütün sahələrdə zəngin təcrübəyə malik olması beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycanın irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar ölkələr, xalqlar arasında əməkdaşlıq körpüsünün daha da möhkəmlənməsinə, dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsinə xidmət edir. Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirildi. Hər bir beynəlxalq əhəmiyyətli tədbir əhatə etdiyi sahə üzrə iştirakçı ölkələrin malik olduğu imkanların təqdimatında öz sözünü deyir. 1998-ci ildə BMT tərəfindən yaradılmış SPECA Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Proqrama üzv ölkələr Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Əfqanıstandır. Azərbaycan son illərdə bu ölkələrlə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində ciddi səylər göstərir və birliyə, həmrəyliyə davamlı töhfələr verir. Tarixi Zəfərimiz Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin daha da inkişafını şərtləndirdi. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Otuz ildən artıqdır ki, müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət göstərir, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.”
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Malik Həsənov qeyd edib ki, Azərbaycanın bu regionda yerləşən ölkələrlə münasibətlərinin yaxınlaşmasını göstərən daha bir amil qarşılıqlı səfərlərdir: “Belə ki, son iki ildə Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə 10-dan çox səfər edib. Bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları isə Azərbaycana dəfələrlə səfərlər həyata keçiriblər. Qarşılıqlı səfərlərin dinamikası davam edir. Hazırda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi dövlət başçısı İlham Əliyevin dəvəti ilə fəxri qonaqlar qismində iştirak etdilər. Belə bir əminlik də ifadə olundu ki, bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq.”
Millət vəkili onu da əlavə edib ki, SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar: “Azərbaycanın timsalında bunu qeyd edə bilərik. Hər dövrün öz tələbi, çağırışları olur. Bu çağırışların düzgün cavablandırılması hər bir ölkənin iqtisadi inkişaf strategiyasının düzgün müəyyənləşdirilməsindən asılıdır. Azərbaycanın iqtisadi strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən müəyyənləşdirməsi hər bir çətinlikdən uğurla çıxmasında, dünyaya təkmil inkişaf modelini təqdim etməsində əhəmiyyətli rol oynayır. Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi Azərbaycanın iqtisadi tərəqqisinin davamlılığını təmin edir. Bu uğurların əsasında isə sabitlik dayanır. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın sabitlik diyarına çevrilməsi investisiya axınının sürətləndirilməsində mühün amil oldu. Cənab İlham Əliyev Zirvə görüşündəki çıxışında da bildirdi ki, qarşımızda bir çox problemlər, çağırışlar dayanmışdı: “Son 25 ildə əsas çağırışlar arxada qaldı. Dövlət suverenliyimiz möhkəmləndi, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrildik və iqtisadi cəhətdən sürətlə inkişaf etdik. Ölkələrimizi birləşdirən daha bir amil isə siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Ölkələrimizdə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur.”
Malik Həsənov uğurlarımızda Azərbaycanın müstəqil siyasətinin rolunu da xüsusi qeyd edib: “Bu, özünü həm iqtisadi, həm də xarici siyasət uğurlarımızda özünü aydın şəkildə nümayiş etdirir. Azərbaycanın iqtisadi imkanlarının genişlənməsində, dünya iqtisadi sisteminə inteqrasiyasında öz sözünü deyən “Əsrin müqaviləsi”nin imzalanması bunun bariz nümunəsidir. Azərbaycanın tarixə qovuşan Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı addımlar da müstəqil siyasətimizin təqdimatı oldu. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında vurğuladı ki, dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar.”
Millət vəkili Zirvə görüşündə diqqət yönəldilən məsələlərin fonunda belə bir ümumiləşdirməni aparıb ki, Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü siyasət, qazanılan uğurlar bu gün Azərbaycanın dünya birliyində yerini möhkəmləndirir. Azərbaycan yeni və uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, həmçinin Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib. Sözügedən Zirvə görüşü Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın münasibətlərində yeni bir mərhələnin başlanğıcı oldu.