Sabahinfo.az xəbər verir ki, oktyabr ayının 28-də “Ziyalı Ocağı” İctimai Birliyi – Fəxrəddin Piriyev adına Sumqayıt şəhər 18 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uşaqların və yeniyetmələrin zərərli xarici təsirlərdən müdafiəsi” layihəsi çərçivəsində “Vətən gəncliklə öyünür” adlı seminarını gerçəkləşdirdi.
Seminar torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətənin Qəhrəman Oğullarının -Şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla başladı.
Seminarı giriş sözü ilə Fəxrəddin Piriyev adına 18 nömrəli tam orta ümumtəhsil məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Nərminə Ömərova açdı. Nərminə Ömərova bildirdi ki,”Təyinatı mövzu üzrə məktəbimizin şagirdlərinin mütəmadi şəkildə maarifləndirilməsinə ehtiyac vardır. Uşaqların və yeniyetmələrin zərərli xarici təsirlərdən müdafiəsi günümüzün aktual məsələlərindəndir”.
Layihə rəhbəri İlahə Əliyeva müasir dövrümüzdə internetin -sosial şəbəkələrin həyatımızdakı yerindən, onların xeyirli və ziyanlı tərəflərindən bəhs etdi.
İ.Əliyeva bildirdi ki, müxtəlif internet resurslarından öz çirkin məqsədləri üçün istifadə edən zərərli və zəhərli qüvvələrin məqsədləri ölkəmizdə dinc quruculuq işlərinə zərbə vurmaq, birliyimizi, bərabərliyimizi pozmaqdır. Təbii ki, bu mənfur qüvvələrə qarşı təkcə dövlət deyil, bütün ölkə vətəndaşları mübarizə aparmalıdır. Uşaqların və yeniyetmələrin bu zəhərli və zərərli qüvvələrin təsirləri altına düşməsinə, onların mənfur məqsədlərinin reallaşmasına imkan verilməməlidir”.
Layihə rəhbəri vurğuladı ki, “Xaricdən idarə olunan bir sıra qüvvələr din, demokratiya adı altında virtual aləm vasitəsi ilə bizim coğrafi məkana soxulur, müxtəlif bəzəkli, içi boş, yalançı vədlərlə, şər-böhtanlarla uşaqların, yeniyetmələrin beyinlərini zəhərləməyə çalışırlar. Bu qüvvələrə qarşı təkcə dövlət, aidiyyəti qurumlar deyil, həmçinin, vətəndaş cəmiyyətləri institutları, ümumiyyətlə, vətənini, millətini sevən hər kəs bu məsələyə münasibətdə sayıqlıq və həmrəylik nümayiş etdirməlidir. Biz bu gün məhz bu müqəddəs mənəvi borc naminə sizinlə birgəyik. Sağlam, güclü gələcək naminə məqsədimiz, amalımız bu yolda durmadan-dayanmadan çalışmaqdır. Uşaqlarımızın, yeniyetmələrimizin milli ruhda böyüməsi və tərbiyə olunması ən bizim ümdə vəzifəmizdir. Siz bizim sabaha boylanan ümidlərimizsiniz, güclü, müstəqil Azərbaycanımızın bir parçasısınız. Sizin hər biriniz sabah vətən torpaqlarını qoruyacaq, müxtəlif sahələrdə oxuyacaq, çalışacaq, vətən yükünü çiyinlərinizdə daşıyacaqsınız. Bu müqəddəs yük sizi həmişə qürurlandıracaq və siz fəxrlə bu müqəddəs yükü gələcək nəsillərə ötürməlisiniz. Amalımız güclü, parlaq və müstəqil Azərbaycan olmalıdır. Müstəqilliyimizə dil uzadlanların dili, əl uzadanların əli kəsilməlidir”.
“Uşaqlar və yeniyetmələr arasında vətənpərvərliyin təbliği” mövzusunda məruzə edən layihənin eksperti Fuad Hüseynzadə müasir dünyada, beynəlxalq aləmdə sosial şəbəkələrin funksiyasından, fəaliyyətindən geniş şəkildə bəhs etdi.
Ekspert söylədi ki, “Sizin hər biriniz təbii ki, internetə və müxtəlif sosial platformalara daxil olursunuz. Burada həllini tapmağa çalışdığınız sualların və məsələlərin cavabı bir çox hallarda sizi razı salır, birbaşa desək, bir növ işinizi asanlaşdırır. Zamana və əməyə qənaət edirsiniz. Bu məsələnin müsbət tərəfidir. Amma siz uşaqların, yenitetmələrin bəzən maraqları daha çox məlumat əldə etməyə, biliklər qazanmağa doğru fokuslanır. Bəzən axtara-axtara getdiyiniz bu maraq sizi adını doğru və düzgün bildirməyən ünvanlara doğru götürə bilər. Siz çox ehtiyatlı davranmalısınız. Bu qeyri-qanuni, naməlum ünvanlarda yuva salan qərəzli şər qüvvələrin məqsədi sizi yanlış və təhlükəli səmtə götürməkdir. Maskalanmış bu qüvvələrin məqsədi sizə yaxşılıq etmək deyil, onlar sizə, bizə, bütünlükdə ölkəmizə qarşı qarayaxma kompaniyası aparmaqla birliyimizə, bərabərliyimizə xələl gətirməkdir, müstəqilliyimizə təhlükə yaratmaqdır. Siz sosial şəbəkələrdə ehtiyatlı olmalısınız və bu mənfur qüvvələrin təsiri altına düşməməli, hətta onlara qarşı mübarizə aparmalısınız”.
Fuad Hüseynzadə çıxışında şagirdlərə vətənpərvərlik duyğuları aşıladı, şagirdləri canlı debata dəvət etdi. Şagirdlərin maraq dairəsi, sosial şəbəkələrdəki aktivlikləri müqayisəli şəkildə analiz edildi.
Seminarda iştirak edən filoloq, jurnalist Rəsul Mirhəşimli şagirdləri əsassız və naməlum mənbələrdən məlumat alınmaqdan çəkinməyə çağırdı. O internetdə, habelə, müxtəlif sosial platformalarda yayılan dezinformasiyalara inanmamağa, rəsmi, dövlət orqanları vasitəsilə yayılan məlumatlara inanmağa, onları oxumağa dəvət etdi. Xaricdən gözlənilən hər cür zərərli ideoloji təxribatlardan uzaq durmağa, qərəzli və qəsdli, məqsədli qüvvələrə qarşı çıxmağa, onları ifşa etməyə çağırdı.
Rəsul Mirhəşimli bildirdi ki, “Siz bu gün azad və müstəqil bir ölkədə, sakit və dinc şəraitdə böyüyürsünüz, dövlət tərəfindən qayğı ilə əhatə olunmusunuz. Təmiz, geniş, təmirli sinif otaqları, idman və iclas zalları göz oxşayır. Sizi bu rahatlıqla, şəraitlə dövlət təmin edib. Siz də öz növbənizdə nümunəvi şagird kimi təhsilinizi müvəffəqiyyətlə tamamlamalı, millətə, dövlətə layiqli vətəndaş olaraq yetişməlisiniz. Vətən gəncliyə güvənir. Siz ölkəmizin sabahının sadiq və ləyaqətli vətəndaşları olaraq bayrağımızı daima ucalarda dalğalandırmalısınız. Bu şərəfli bir missiyadır”.
Tədbir iştirakçı şagirdlər arasında sorğu ilə davam etdirildi. Onların maraq dairəsi, internetdə -müxtəlif sosial platformalarda fəaliyyətləri müzakirə olundu.




