“Ziyalı Ocağı” İctimai Birliyi “Uşaq və gənclərin zərərli xarici təsirlərdən müdafiəsi” layihəsinin icrasına başladı.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
Layihənin əsas məqsədi xalqımıza, ölkəmizə qarşı təxribatçı qüvvələrin apardığı ideoloji hücumların qarşısının alınmasıdır.
Layihənin reallaşacağı coğrafi ərazilərdə- xüsusilə böyük şəhərlərdə virtual məkanların, sosial şəbəkələrin təsir gücünü nəzərə alaraq, xalqımıza, ölkəmizə qarşı aparılan ideoloji təxribatlara, zərərli və “zəhərli” xarici təsirlərə qarşı, habelə, mövcud cəmiyyət tərəfindən qınan və qəbul edilməyən yaşam tərzi ilə bağlı təbliğat işi aparılacaq, milli mənəvi dəyərlərimizin və ailə modelinin təbliğinə geniş yer veriləcək.
Məlum olduğu kimi uşaqların və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi mənəvi dəyərlərimizin, xalqımıza məxsus ailə modelinin mühafizəsi deməkdir. Bəşəri ideyalar çərçivəsində formalaşan milli dəyərlərimiz müasir gəncliyin timsalında əmin əllərə tapşırılmalıdır.
Dilimizə, dinimizə, adət-ənənələrimizə, bütünlükdə, milli mentalitetimizə qarşı gözlənilən hər cür yabançı təsirlərin, ideoloji təxribatların qarşısı mütəmadi maarifləndirilmə ilə alınmalıdır. Milli məfkurənin inkişafına təkan vermək məqsədilə, uşaqlara və gənclərə düzgün istiqamətin, sağlam düşüncənin aşılanması layiqli və möhkəm əqidəli vətəndaşların yetişdirilməsi deməkdir. Vətəndaş Cəmiyyəti İnstitutları bu sahədə öncüllük nümayiş etdirməlidir.
Layihə çərçivəsində uşaqlar və gənclər arasında zərərli xarici təsirlərin qarşısının alınması, milli dəyərlərin təbliği məqsədilə silsiləli, maarifləndirici tədbirlər reallaşdırılacaq, məqalələr yazılacaq. Vətənə, millətə, torpağa sevgi hissləri aşılayan bu tədbirlər, məqalələr iştirakçılarda, oxucularda ruh yüksəkliyi yaradaraq, onları ilhamlandıracaq, doğru istiqamətə götürəcək.
Layihə 2025-ci ilin sentyabr ayının 1-dən 2025-ci ilin oktyabr ayının 31-dək olan dövrü əhatə edəcək.