Mais Təmkin - Allah məndə, Allahdayam

2017-01-06 09:00:04 / 3219008 dəfə oxunub

Əsədullayev Mais Əsəd oğlu (Mais Təmkin) 15 oktyabr 1968-ci ildə Lerik rayonunun Livədirqə kəndində anadan olmuşdur. Hələ orta məktəbdə oxuduğu zaman şeirə, ədəbiyyata böyük maraq və həvəs göstərmişdir. 1986-1988-ci illərdə Ukrayna Respublikasında hərbi xidmətdə olmuşdur. 1993-cü ildən dövri mətbuatda poeziya nümunələri və publisistik məqalələrlə çıxışları olub. "Bu gecə ulduzlar yaman seyrəlib” ilk şeirlər kitabı 2003-cü ildə işıq üzü görmüşdür. "İlhamın gücü” poeması 2005-ci ildə "Avropa” nəşriyyatında çap olunmuşdur. "Hikməti sozundə axtar” üçüncü kitabı 2009-cu ildə "Nurlan” nəşriyyatında çap olunub. Şeirləri "Lerik ünvanlı duyğular” , "Zərif beytlərimiz”, "Lerikin söz ətri”, ,,Zərrələr" almanaxlarında, o cümlədən , Türkiyədə işıq üzü görmüş,Dünya Türk ədəbiyyatı Antologiyası , Avrasiya şairlər Antologiyası, ,,Atəş-2016" , Türk seçkin Ozan və Şairləri", ,,Turana açılan könüllər" ,, Qarabağnamə 1-2-ci cild" antologiyalarında və bir sıra internet portallarında çap olunmuşdur. "İlhamlı günlərin nəğməsi” yeni kitabı 2014-cü ildə "Nərgiz” nəşriyyatında işıq üzü görmüşdür. 2014-cü ilin yanvarında Azərbaycan Yazıçılar Birliyinin sözçüsü şair Xəyal Rza tərəfindən həyata keçirilən "Bir bənd şeir” müsabiqəsinə qatılıb , müsabiqədə ikinci yerin qalibi adını qazandığına görə AYB-nin fəxri diplomuna və mükafatına layiq görülmüşdür. ,,Əbədi xatirəyə ədəbi baxış" müsabiqəsinin qalibi olmuşdur. ,,Qızıl qələm" və ,,İlhamlı günlərin nəğməsi" kitabına görə ,,Azərbaycan Bayrağı" media mükafatının laureatıdır. "Azad Təfəkkür” qəzetinin əməkdaşı və "Azərbaycanın Mədəniyyət və Ədəbiyyat” portalının Cənub bölgəsinin "Cənub ədəbiyyatı” bölməsinin baş redaktorudur. 2016-cı ilin Oktyabr ayından Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.




Sən tanımasan da, olar!

Deyirsən: ,, Yox, tanımıram," Sən tanımasan da, olar. Səni heç də qınamıram, Sən tanımasan da , olar.

Qartal gəzən dağda varam, Bülbül uçan bağda varam, Budaqda, yarpaqda varam, Sən tanımasan da , olar...

Həm bəmdənəm, həm zildənəm, Dörd hikmətdən.. fəsildənəm. Halal əsil-nəsildənəm, Sən tanımasan da, olar.

Sufi, dərviş, abid mənəm, Görünməzə şahid mənəm. Vətən bilir, şəhid mənəm, Sən tanımasan da , olar!

Xoş arzuda, diləkdəyəm, Həzin əsən küləkdəyəm, Min-min güldə, çiçəkdəyəm, Sən tanımasan da, olar!

Billur bulaq, dəli çayam, Gündüz günəş, gecə ayam. Tanrı verən bəxşiş, payam, Sən tanımasan da, olar!

İsrafilin surundayam, Həzrət Musa Turundayam. Məhəmmədin nurundayam, Sən tanımasan da, olar.

Sevinc dolu gözdə yaşam, Fərəhimdən gərək coşam. Yaz müjdəli qaranquşam, Sən tanımasan da, olar.

Həm xeyirəm, həm də ,, şər"əm, Haldan-hala tez düşərəm. Mən qəribə bir bəşərəm, Sən tanımasan da, olar!

Neçə oğrun baxışdayam, Yüz ilməli naxışdayam, Enişdəyəm, yoxuşdayam, Sən tanımasan da, olar!

Xoş amalam, saf niyyətəm, Şölələnən ülviyyətəm. Ecazkar bir təbiətəm, Sən tanımasan da, olar.

Yaşıl meşə, göy çəmənəm, İşıq saçan-göycə, mənəm. Zəngəzuram, Göyçə mənəm, Sən tanımasan da, olar!

Ələsgərəm, mən Alıyam, Sözümün şəkər-balıyam. İrəvanam, Borçalıyam, Sən tanımasan da, olar!

Yurdun şəhəri, kəndiyəm, Dağı, bərəsi-bəndiyəm. Qoşa-qala Dərbəndiyəm, Sən tanımasan da, olar!

Təbriz, Zəncan, Xoy da mənəm, Bir kökdə min soy da mənəm. Bütün VƏTƏN boyda mənəm, Sən tanımasan da, olar!

Çəkdiyim ağrı, ahdayam, Dünən, bu gün, sabahdayam. Allah məndə, Allahdayam, Sən tanımasan da, olar! Sən tanımasan da...Olar!!

Şair təbin durulsun

Ürəyin qarasa, üzünü heç vaxt, Boyama, cürbəcür xırda rəng ilə. Zənci qaradırsa başdan-ayağa, Ağartsan, ağarmaz o, əhəng ilə.

Kəm etmə zikrini, kəsmə duanı, Tanrı başa çəkər onu duyanı. İlahi yıxmayan yurdu, yuvanı, Bəndə yıxa bilməz top-tüfəng ilə.

Güvənib qızıla, zərə, daş-qaşa, Hər yoldan ötəni ,gəl, basma daşa. Şir gərək şir ilə gəlsin baş-başa, Dovşan bacararmı heç, pələng ilə?

Bülbül yaraşıqdı, nurdu bağlara, Qartal həvəs eylər, yurdu dağlara. Təravət bəxş edər ağ varaqlara, Sözlər düzüləndə çox qəşəng ilə.

Mais Təmkin, hər sözündə dürr olsun, Ucalardan gəlsin səsin, gur olsun. Çağladıqca şair təbin durulsun, Süzül könüllərə xoş ahəng ilə.


Qoyma verə-boy, dərdimi

Sənin dərdin- mənim dərdim, Bölüşdürək dərdimizi. Hansı daha güc gələcək? Güləşdirək dərdimizi.

Kimi acdı, kimi toxdu, İndi kimin dərdi yoxdu? Sənin dərdin məndən çoxdu, Dəyişdirək dərdimizi.

Səni, məni yaxa-yaxa, Hey istəyər cıraq yaxa. Qoy olsunlar əlbəyaxa, Didişdirək dərdimizi...

Gözlərimiz dönüb nəmə, Qoyma düşək zildən bəmə. Son qoyduraq qüssə-qəmə, Sevişdirək dərdimizi.

Yas dərdimi, toy dərdimi, Qoyma, verə-boy, dərdimi. Dərdim sevsin qoy, dərdini, Öpüşdürək dərdimizi.

Gəl, az məni girinc elə, İzn ver, ruhum dincələ. Barışdıraq, sevinc ilə, Görüşdürək dərdimizi. Görüşdürək dərdimizi!


* * * * * * * * * * * * * * * * Nə yaman yuxuya getmisən belə? Heç dərdi olan da belə yatarmı? İztirab içində yaşayan məşuq, Sevən aşiqini ,,çöl"də atarmı?

Elə bil, sevincdən qəşş eləmisən, Çəkdiyim ağrılar vecinə deyil. Yoxsa, ümidini məndən üzmüsən. Daha başqasına salmısan meyil?

Çağırram, səsimə səs verməyirsən, Ehh, daha səsim də bathabatdadı. Şairə yazığın gəlmirsə , barı,- Götür, telefonun bağrı çatdadı!!!


Çıxıram

Üz-gözündən nur tökülür, Dərd-qəmin beli bükülür. Səni görcək, üzüm gülür, Qəzəbdən, ,,kin"dən çıxıram.

Qoşa gedək toy-düyünə, Qoy sevən könlüm öyünə. Sənnən çıxmaqçün ağ günə, Bu qara gündən çıxıram.

Hər gün səni ana-ana, Meyil saldım sən canana. Dönüb indi Şeyx Sənana, Mən daha dindən çıxıram.

Mənə bir şəkil göndər

Sən mənə bir şəkil göndər, Baxıb ona, dəli olum. İçimdə yanan ocağın, Alovlanan dili olum.

Sən mənə bir şəkil göndər, Öz-özümə aşıb-daşım. Gecə-gündüz qoy şəklinə Baxmağa qarışsın başım.

Sən mənə bir şəkil göndər, Can alıb, dursun qəsdimə. Öpüm, şəkildə üzündən, Basım sinəmin üstünə.

Səni sənsiz belə sevmək, Bir az mənə rahat olur. Rəsmini də görəmməsəm, Ürəyim narahat olur.

Gözəl, sənin gözəlliyin, Bütün dünyaya bəllidir. Nə vaxt sənə qovuşmaqçün, Şəkil də bir təsəllidir.

Sən mənə bir şəkil göndər, Sevim, oxşayım rəsmini... Sənə yazsam da, bu şeiri, Gizli saxladım ismini.


Yazım dastan kimi...

Eşqinlə, sevginlə nurlansın danım, Beləcə xoş keçsin hər ötən anım. Mən sənə ,,can" deyim, sən mənə ,,canım", Xoş sözlə mən səni dindirim- elə.

Qoy həsəd aparsın,- görənlər bizi, Bu sevgi yolunda qoyaq xoş izi. Yazım dastan kimi bu sevgimizi, Dünyada şöhrətə mindirim elə.

Əsirgəmə, bu sevgidə payımı, Nura qərq et, hər günümü, ayımı. Sən çox elə busələrin sayını, Namərdəm, desəm ki, endirim elə.

Qoyma məni gün yandıra, gün dələ, Dərdin məni, gözəl, səndən gen dələ. Yapıb öz sinənə məni kündələ, Özün ol ocağım, təndirim elə.

Sənsiz intihara gedərsə yolum, Arzumu çin eylə, qurbanın olum: Deyirəm, qoy olsun mənim öz qolum, Boynundan asmağa kəndirim- elə.

Daşa mesaj yazıb, zəng eyləsəydim, İnan ki, səsimə səs verərdi daş. Nə cavab yazırsan, nə səsin gəlir, Bircə bu sirrindən heç açmıram baş?

Baxıram sönübdür, işığın yanmır, Burda da üzümə qaranlıq çökür. Elə bil fələk də qoşulub sənə, Dərd-qəmi üstümə ələyib tökür.

Cavabsız mesajlar, cavabsız zənglər, Sarsıtdı cismimi əməllibaşlı. Səninlə aramda tək bircə fərq var: Sən qəlbidaşlısan, mən başıdaşlı!


Yıxdı məni

Küləklər yan ötdü məndən, Sərin bir meh yıxdı məni. Tufanlara sinə gərdim, Bir damla şeh yıxdı məni.

Üzdə məni öpdü hərif, Baxıb güldü xəfif-xəfif. Neçə saxta alqış, tərif, ,, Paho!", ,,bəh-bəh!" yıxdı məni.

Adım düşdü dildən-dilə, Pərvazlandım eldən-elə. Yaxşı tutub şirin dilə, ,, Dostlarım"... ehh, yıxdı məni


Vəfalıdı

Bu nə nəğmə, nə bəstədi? Sən gedəli, can xəstədi. Hələ də çiynim üstədi, Telin səndən vəfalıdı.

Gözümdə həsrət torunu, Tikib, apardın nurunu. İçində saxlar qorumu, Külüm səndən vəfalıdı.

Başımın üstə dayanır, Gah qara, gah al boyanır. Mənnən bir yatıb oyanır, Ölüm səndən vəfalıdı!!!



Son xəbərlər



~120x240 Beyaz Sud






Bütün hüquqlar qorunur: © Copyright 2016 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri
Tel: (994 51) 335 04 08
Tel: (994 55) 309 15 96
E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Yusif Məhəmmədoğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!
Site by: azDesign.ws