10 günə 92 hektar

Azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin Türkiyənin hərbi istehkamçıları ilə birgə fəaliyyəti nəticəsində dekabrın 10-dan 19-dək 53 ədəd piyada və tank əleyhinə minan aşkar olunaraq zərərsizləşdirilib, 92 hektara qədər ərazi təmizlənib, Azərbaycan Müdafiə Nazirliyi bildirib.

"Ümumilikdə azad olunmuş ərazilərdə bu günədək mühəndis qoşunları tərəfindən 17255 mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib, 13365 hektar ərazi minalardan təmizlənib, digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə 635 kilometr yol çəkilib", məlumatda qeyd olunub.

Azərbaycan MN-in məlumatına əsasən, yaşayış məntəqələrinin, əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə "Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamında olan "MEMATT" (Mexaniki Mina Təmizləmə Təchizatı) texnikası da cəlb edilib."

Həmçinin bildirilib ki, mühəndis təminatı üzrə tədbirlər çərçivəsində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək üçün yollar minalardan və qar örtüyündən təmizlənir, dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrin mövqelərinə yeni təminat yolları çəkilir.