SOCAR yeni yatağın işləməsi ilə bağlı tezliklə qərar verəcək

“SOCAR “Qarabağ” yatağının işlənməsi üzrə texniki detallarla bağlı yekun qərarı tez bir zamanda qəbul etməyə çalışır”.

Bu barədə SABAHİNFO.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

Bununla əlaqədar olaraq hazırda SOCAR və “Equinor” mütəxəssislərinin iştirakı ilə işçi qrupunun yaradıldığını əlavə edən İbrahim Əhmədov hazırda işlərin fasiləsiz şəkildə aparıldığını deyib.

“Əşrəfi-Dan ulduzu-Aypara” yatağı ilə bağlı isə seysmik kəşfiyyat işlərinin nəticələri baxılmaq üzrə “Equinor” mütəxəssislərinə təqdim olunub. Bu nəticələr təsdiq olunandan və şirkət rəhbərliyinə təqdim olunandan sonra biz geniş ictimaiyyətə məlumat verəcəyik”, - deyə o qeyd edib.

Qeyd edək ki, Norveçin “Equinor” şirkəti (keçmiş Statoil) və SOCAR Azərbaycanda “Qarabağ” yatağının işlənməsi və “Əşrəfi-Dan Ulduzu-Aypara” perspektiv sahələrində kəşfiyyat və hasilatın təşkili istiqamətlərində əməkdaşlıq edirlər. Şirkətlər həmçinin “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) neft yatağının işlənilməsi layihəsində iştirak payına malikdirlər.