2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində tədbir

Sosial Xidmətlər Agentliyinin Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar şənlik keçirilib.

Tədbirdə iştirak edən Agentliyin sədri Vüqar Behbudov və Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev uşaqları təbrik edib, onlara xoş arzularını ifadə ediblər. Ölkəmizdə uşaqların müdafiəsi, habelə sağlamlıq imkanları məhdud uşaqların sosial təminatının gücləndirilməsi, sosial xidmətlərlə əhatə olunması üçün aparılan işlər qeyd edilib. Bu kateqoriyadan olan uşaqlar üçün reabilitasiya yönümlü sosial xidmət layihələrinin də ildən-ilə genişləndirildiyi vurğulanıb. Hazırda Agentliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 300-ə yaxın uşağa stasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlər göstərilir. Abşeron rayonundakı Sosial Xidmət Mərkəzində isə 6 yaşadək olan, sağlamlıq imkanları məhdud 46 uşaq reabilitasiya kursu keçib, 55 uşaqla bağlı reabilitasiya tədbirləri davam edir.

Tədbir zamanı müəssisənin azyaşlı sakinləri şeirlər səsləndirib, mahnılar oxuyub və rəqs ediblər.