HAQQ-ƏDALƏT CARÇILARI

Azərbaycan ədliyyəsi – çətin və çətin olduğu qədər də şərəfli peşə. Və bu peşəyə ömrünü, gününü sərf etmiş peşəkar, işinin mütəxəssisi ədliyyə veteranları; illərdir gənc kadrlara qazandıqları iş təcrübəsini, iş prinsipini sevə-sevə aşılayır, idarəçilik metodlarını öyrədirlər. Noyabrın 22-si onların bayramıdır – Azərbaycanımızın hər bir vətəndaşının hüququnun qorunmasında rolu olan müqəddəs peşə sahiblərinin. Və onu da vurğulayaq ki, bu bayram dahi şəxsiyyət Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunmuşdur.
Hörmətli prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün sahələrində, eləcə də Azərbaycanın ədliyyə sahəsində də dinamik inkişaf davam edir. Ədliyyə işinin dövrümüzün, eləcə də beynəlxalq tələblərə uyğun təşkili, müasir texnologiyaların, idarəçilik metodlarının tətbiqi, gənc hüquqşünasların yetişməsi və s. bütün bunlar Azərbaycan ədliyyəsinin, sürətli inkişafından xəbər verir. Bəli, həmişə haqq-ədaləti bərpa edən, dünya çapında həqiqətin gözü ilə öz sözünü deyən Azərbaycan ədliyyəsi hər zaman inkişafda, daim irəliləyişdədir. Bu mənada penitensiar xidmətin də fəaliyyətini xüsusi vurğulamaq yerinə düşər. Belə ki, aparılan islahatlar çərçivəsində penitensiar xidmətin fəaliyyəti daha da təkmilləşdirilib, məhkumların hüquqlarının qorunması, saxlanma şəraiti, tibbi və digər təminatlarının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər gücləndirilib; infrastrukturun yenilənməsi, istehsal sahələrinin genişlənməsi, peşəkar kadr korpusunun formalaşdırılması, müəssisələrin etibarlı mühafizəsinin təşkili, şəffaflığın daha da artırılması, korrupsiyaya rəvac verən neqativ halların qarşısının alınması və s. ilə bağlı konkret layihələr reallaşdırılıb. Bütün bunlarla yanaşı, məhkumların cəmiyyətə reinteqrasiyası, yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkmələri üçün paytaxtda və bölgələrdə müasir penitensiar infrastrukturun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Məhkumların əməyə daha geniş cəlb edilməsi məqsədilə cəzaçəkmə müəssisələrində yeni istehsalat sahələrinin yaradılması daim diqqət mərkəzindədir. Bakının Zabrat qəsəbəsində yeni istintaq təcridxanası, Naxçıvan Muxtar Respublikasında, Şəkidə müasir penitensiar komplekslərin inşası, Gəncə və Lənkəranda və s. yerlərdə belə müəssisələrin tikintisi dediklərimizin sübutudur.


Müasir penitenisar müəssisələrin istifadəyə verilməsi aparılan islahatlara əlavə töhfə olmaqla penitensiar sistemin fəaliyyətinin daha da səmərəli həyata keçirilməsinə, məhkumların hüquqlarının etibarlı təminatına müsbət təsir göstərib.
Ölkə başçısının 10 fevral 2017-ci il tarixli sərəncamı hüquq sistemində mütərəqqi islahatların daha intensiv davamına rəvac verməklə, bu sahədə sürətli təkamülün əsasını qoyub. Sərəncamda ölkəmizin inkişafı və əldə edilən hərtərəfli uğurlar fonunda cəza siyasətinə, cinayət qanunvericiliyinə, məhkumların hüquqlarının təminatı məsələlərinə baxışın yenilənməsi, penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə dünyada mövcud olan mütərəqqi təcrübələrin tətbiqi önə çəkilib.
Ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi, məhkumların, təqsirləndirilən şəxslərin hüquqlarının etibarlı təminatı hər zaman diqqət mərkəzində saxlanılır. Cənab prezidentin ötən dövrdə imzaladığı qərarlarla yüzlərlə məhkumun əfv edilməsi buna misaldır. Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları cinayət törətmiş şəxslərin islah olunmasına və cəmiyyətə yenidən inteqrasiyasına xidmət edir.
Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənovun rəhbərliyi altında penitensiar xidmətin şəxsi heyəti arasında nizam-intizam daha da gücləndirilmiş, əməkdaşların məsuliyyət hissi yüksəldilərək etik davranış qaydalarına riayət olunması məqsədilə zəruri tədbirlər həyata keçirilmişdir. Məhz bütün bunların nəticəsidir ki, ölkəmizdə məhkum və həbs olunmuş şəxslərin müraciətlərinə həssas yanaşmaya diqqət daha da artırılıb.
Sonda Xalq.az olaraq bu şərəfli işin, gərgin əməyin ustadlarını – Azərbaycanın ədliyyə işçilərini, penitensiar xidmət orqanlarında çalışan və işinin öhdəsindən layiqincə gələn hər bir vətəndaşımızı Ədliyyə İşçiləri Günü münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində bol-bol nailiyyətlər arzulayır və deyirik: Yolunuz açıq, uğurlu olsun, əziz haqq-ədalət carçıları!