Aqiyə Naxçıvanlı: “Azərbaycan-Özbəkistan qardaşlıq münasibətləri bu gün öz inkişafının ən yüksək səviyyəsindədir”

“Azərbaycan dövlətinin xarici siyasətində Türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi hər zaman prioritet istiqamət olub. Ölkə Prezidenti cənab İlham Əliyev istər Türk Dövlətləri Təşkilatı çərçivəsində, istərsə də təşkilata üzv ölkələrlə ikitərəfli formatda dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirlməsini və inkişafını daim diqqət mərkəzində saxlayır. Bu baxımdan hazırda Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin intensivliyi də diqqəti cəlb edir. Əlbəttə ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin cari ilin avqust ayının 22-də Azərbaycana etdiyi dövlət səfəri də ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük töhfələr verəcək. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərini məhz Azərbaycana etməsini qardaşlıq və dostluğun göstəricisi kimi qeyd edib. Həmçinin möhtərəm dövlət başçımız mətbuata verdiyi bəyanatında Özbəkistan xalqının Şavkat Mirziyoyevə yenidən böyük etimad göstərdiyini və onun Özbəkistanın inkişafı naminə səylərini layiqincə qiymətləndirdiyini vurğulayıb.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Fikirlərini davam etdirən deputat xüsusi olaraq qeyd edib ki, ötən il imzalanmış Bəyannamə iki ölkə arasında münasibətlərin inkişafının düzgün istiqamətlənməsi baxımından mühüm rol oynayıb: “Məlum olduğu kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2022-ci il 21 iyun tarixində Özbəkistan Respublikasına dövlət səfəri çərçivəsində ölkələrimiz arasında Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə imzalanmışdı. Qeyd olunmalıdır ki, məhz həmin tarixi sənəd bu istiqamətdə cari fəaliyyətin əsas yol xəritəsi rolunu oynayır. Avqustun 22-də Azərbaycan və Özbəkistan Prezidentləri arasında keçirilən təkbətək və geniş tərkibli görüşlər, aparılan danışıqlar çərçivəsində mahiyyətcə münasibətlərin inkişafının gələcəyi müəyyən edilib. Öz çıxışında cənab Prezident İlham Əliyev vurğulayıb ki, ölkələrimiz arasındakı münasibətlər artıq ən yüksək səviyyəyə çatdırılıb. O cümlədən dövlətimizin başçısı ölkələrimiz arasında imzalanan Ali Dövlətlərarası Şuranın yaradılması barədə sənədin münasibətlərin yüksək səviyyəsinin göstəricisi olduğunu bildirib.”

Daha sonra A.Naxçıvanlı Qarabağın bərpası işinə Özbəkistanın hədiyyəsinin Azərbaycan xalqı üçün xüsusi dəyər kəsb etdiyini vurğulayaraq bunları deyib: “Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərində möhtəşəm bərpa və yenidənqurma işləri aparır. Diqqətəlayiq haldır ki, ölkəmiz bütün bu işləri tamamilə öz hesabına, heç bir xarici kapital cəlb olunmadan həyata keçirir. Bununla belə bəzi dost və qardaş ölkələrin Qarabağın bərpası işinə hədiyyə etmək istəkləri xalqımız və dövlətimiz tərəfindən rəğbətlə qarşılanıb. O cümlədən avqustun 23-də Azərbaycan və Özbəkistanın dövlət başçıları Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Azərbaycana hədiyyə edilmiş məktəbin açılışında iştirak edəcəklər. Öz bəyanatında bu məqama xüsusi toxunan cənab Prezident İlham Əliyev bir daha vurğuladı ki, bu məktəb Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir və Azərbaycan bu qardaşlıq, həmrəylik və dəstək jestini çox yüksək qiymətləndirir. Məktəbin özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıdığını diqqət mərkəzinə çəkən möhtərəm dövlət başçımız əmin olduğunu bildirdi ki, bu, təkcə təhsil ocağı deyil, həm də dostluğumuzun və qardaşlığımızın daha bir mərkəzi olacaq”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.