AŞPA erməni lobbisinin əsirinə çevrilib

Bir neçə gün əvvəl Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələri qəbul edilməyib. Bu səbəbdən də Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

AŞPA bu qərarını insan hüquqları ilə əlaqələndirsə də, əslində bunun insan hüquqları ilə heç bir əlaqəsin;n olmaması, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycana qarşı Qərb ölkələrində başlayan sistemli təzyiq prosesinin təzahürüdür.

Qərb dairələrinin uzun müddət Azərbaycan torpaqlarının işğalı faktını görməzdən gəlməsi, amma ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinə aqressiv yanaşması dediklərimizi təsdiq edir. Bu baxımdan qeyd edə bilərik ki, xristian təəssübkeşliyi edən həmin güclər mürəkkəb geosiyasi zamanda 30 il işğal altında qalan torpaqlarını 44 günə azad edən Azərbaycanın Qələbəsini həzm edə bilmirlər. Bu, əslində böyük oyunçuların Cənubi Qafqazla, regionumuzla bağlı uzunmüddətli planlarının alt-üst olması anlamına gəlir.

Azərbaycan öz gücü ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. 2001-ci ildən 2020-ci ilə qədər AŞPA-nın, eləcə də 30 ilə yaxın müddətdə BMT Təhlükəsizlik Şurası kimi nüfuzlu bir qurumun edə bilmədiyini Azərbaycan cəmi 44 gün ərzində yerinə yetirdi. Bundan üç il sonra isə Qarabağda birgünlük antiterror tədbirləri zamanı Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdi. Cəmi 32 il müstəqillik tarixi olan bir ölkənin siyasi, iqtisadi, hərbi və mədəni sahələrdəki sürətli inkişafını həzm edə bilməyən “təcrübəli demokratlar” bu tərəqqinin qarşısını almaqda aciz olduqlarını gizlədə bilmirlər.

Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi.

Azərbaycan qalib ölkədir. Buna baxmayaraq, İrəvana sülh təklif edib. Ölkəmiz bölgədə sabitliyin bərqərar olmasında maraqlıdır. Təbii ki, bütün bunlar uzun illərdir separatçılığı dəstəkləyən, onları qızışdıraraq bölgədə münaqişəni daim alovlandırmaqda maraqlı olan qüvvələrə sərf etmir. Azərbaycana qarşı kinin arxasında da məhz bu dayanır.

AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnamələrini mübahisələndirilməsi təşəbbüsünü irəli sürərkən guya bunu 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi, ölkədə “siyasi məhbus”ların olması ilə əlaqələndirsə də, əsas səbəbin Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməmələri, Ermənistana hər vasitə ilə dəstək olmaq siyasətindən irəli gəlir.

Əminə Ağazadə

Milli Məclisin deputatı