Avropa ilə münasibətlər kontekstində Azərbaycan–Macarıstan əməkdaşlığı - ŞƏRH

Macarıstan ölkəmizin Avropadakı ən yaxın və etibarlı müttəfiqlərindən biridir. Bunu müstəqilliyimizi bərpa etdikdən sonra ölkələrimiz arasında getdikcə artan və keyfiyyətcə zənginləşən qarşılıqlı münasibətlərdə görməmək mümkün deyil. Hələ 1990-cı illərdən başlayaraq iki ölkənin dövlət qurumları və cəmiyyətləri arasında cazibənin artımı özünü davamlı olaraq illərlə genişlənən real qarşılıqlı əməkdaşlıqda göstərib. Siyasi əməkdaşlıq sahəsində dövlətlərimiz arasında bağlanmış strateji tərəfdaşlıq müqaviləsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində uzlaşdırılan siyasət kursu, iqtisadi əməkdaşlıq sahəsində imzalanmış onlarla müqavilələr, hökumətlərarası və ayrı-ayrı dövlət, qeyri-dövlət qurumları arasında həyata keçirilən layihələr, mədəni-humanitar sahədə elm, təhsil, nəqliyyat kommunikasiyaları ilə bağlı qarşılıqlı faydalı əməkdaşlıq – bütün bunlar Azərbaycan–Macarıstan münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyinin göstəriciləridir.

Bunu  Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyev söyləyib.

Onun sözlərinə görə, bütün bunlar qarşılıqlı dəstəyin, ümumi strateji maraqlar naminə faydalı əməkdaşlığın son həddi deyil. Dünya durmadan dəyişir. Yeni dünya düzəninin formalaşması istiqamətində bütün dünyada və xüsusilə də Avrasiya ərazisində baş verən genişmiqyaslı proseslər dövlətlərin siyasi və iqtisadi inteqrasiya proseslərinə demək olar ki, hər gün bir yenilik gətirir. Hər bir yenilik isə öz növbəsində həm də dövlətləri və cəmiyyətləri yeni çağırışlarla üz-üzə qoyur. Belə bir dinamik təzadlı zamanda tərəfdaşlar və müttəfiqlər arasındakı münasibətlərin də zamanın tələblərinə uyğun daha müasir və daha faydalı əməkdaşlıq formatına doğru inkişaf etdirilməsini şərtləndirir. Azərbaycan və Macarıstan arasında dostluq, əməkdaşlıq münasibətlərinin məhz belə bir trend əsasında daim təkmilləşdiyini son bir neçə ilin qarşılıqlı təmaslarında daha aydın müşahidə etmək mümkündür. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdə Macarıstana səfəri, həmin səfər çərçivəsində müzakirə edilən məsələləri və imzalanan sənədləri deyilənlərin praktiki təsdiqi hesab etmək olar. Genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyanat və qarşılıqlı əməkdaşlığın geniş tətbiq sahələrini əhatə edən yeni ikitərəfli müqavilələr ölkələrimiz arasında münasibətlərin əhatə dairəsinin daha da genişləndiyinin və keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunun göstəriciləridir. Belə qarşılıqlı maraq, ildən-ilə artan, böyüyən əməkdaşlıq iki dövlət və xalqlarımız arasında tarixi sivilizasiya yaxınlığına, müasir beynəlxalq siyasət sisteminə praqmatik, konstruktiv baxış ortaqlığına və ən asası qarşılıqlı dəstəyə, etimada əsaslanır. Bütün bunların açıq və səmimi şərhi Macarıstan Baş naziri Viktor Orbanın açıqlamasında özünü açıq-aydın göstərdi: “...Biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm”.

Cavanşir Feyziyev qeyd edib ki, dövlətlərimiz və xalqlarımız arasında qarşılıqlı rəğbətin qaynağı tarixi baxımdan ortaq sivilizasiya mənsubiyyətimiz, ortaq mədəni-mənəvi dəyərlərə sahibliyimiz və bu gün sürətlə dəyişən zamanın gündəliyə çıxardığı ortaq çağırışlarla yanaşı, həm də Avrasiyanın gələcək taleyi müstəvisində oxşar geo-siyasi mövqeyimizdən irəli gələn reallıqlardır. Bunu dost ölkənin Baş naziri belə ifadə etdi: “Azərbaycan cənubda İranla, şimalda Rusiya ilə sərhəddir. Macarıstan isə qərbdə Almaniya, şərqdə Rusiya ilə sərhəddir. Biz bundan keçmişik. Biz vəziyyətə bələdik. Belə bir mürəkkəb vəziyyətdə xalqı idarə etməyin nə dərəcədə çətin olduğunu bilirik. Bu, bizə dostluğumuzun möhkəmlənməsində çox kömək edib”.

“Səfər çərçivəsində Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatında Azərbaycanın Avropanın bugünkü və gələcək həyatında oynadığı rolun müstəsna əhəmiyyəti, ölkəmizin təşəbbüsləri əsasında həyata keçirilən qitə miqyaslı layihələrin bütün Avrasiya üçün faydaları və eləcə də ikitərəfli əsasda Macarıstanla Azərbaycan arasında davamlı olaraq güclənən işbirliyinin xalqlarımız üçün əhəmiyyəti barədə açıqlamalar hər iki ölkənin ictimaiyyətində böyük rəğbət doğurdu. Azərbaycanın ənənəvi və müasir yaşıl enerji istehsalı, ixracı və tranziti ilə bağlı geniş imkanları, Avrasiya miqyaslı nəqliyyat-logistika layihələri ilə bağlı böyük potensialı, eləcə də Macarıstan şirkətlərinin işğaldan azad olunmuş ərazilərin yenidən bərpası ilə bağlı layihələrə cəlb olunması haqqında ölkə başçısının verdiyi açıqlamalar bütövlükdə Azərbaycan – Avropa əlaqələrinin daha da möhkəmləndirilməsi haqqında aydın təsəvvür yaratdı. Prezident həmçinin ölkəmizdə istehsal ediləcək yaşıl enerjinin Avropaya nəql edilməsi ilə bağlı dekabr ayında Rumıniyada imzalanmış dördtərəfli müqavilənin icrasına başlanılması ilə bağlı yaxın günlərdə Bakıda keçiriləcək növbəti toplantının anonsunu verərək bundan sonra Avropa qitəsinin enerji təhlükəsizliyinin daha dolğun və əhatəli şəkildə təmin ediləcəyini bildirdi”, - deyə deputat qeyd edib.

“Prezident İlham Əliyev Azərbaycan–Avropa əlaqələri kontekstində Azərbaycan–Macarıstan arasında dostluğun və strateji əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi önəm verdiyini belə ifadə etdi: “...Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək... Ölkələrimiz arasındakı dostluq əlaqələri həm ölkələrimiz üçün, eyni zamanda, Avrasiya qitəsi üçün də çox böyük önəm daşıyır”. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir.

Beləliklə, müstəqil Azərbaycan dövlətinin intibah və yüksəliş tarixinə böyük uğur kimi yazılan daha bir rəsmi dövlət səfəri arxada qaldı. Qarşıda isə Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir”, - deyə deputat vurğulayıb. (azertag)

  •