"Zəfər Bayramı Türkiyənin həyatında olduqca əlamətdar hadisədir. 30 Avqust Türkiyə kimi Azərbaycan üçün də çox mühüm gündür. "
Bu fikirləri Sabahinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. O əlavə edib ki, Birinci Dünya Müharibəsindən məğlub çıxmış Osmanlı dövlətinin düşmən ölkələr tərəfindən parçalanmasının qarşısı bu qələbə ilə alınıb.
" 1919-1922-ci illərdə davam edən Qurtuluş Savaşının ən həlledici mərhələsi hesab edilir. 1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibənin 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnməsi bayram kimi qeyd olunur. İlk dəfə 1923-cü ildə qeyd edilən qələbə günü 1926-cı ildən rəsmi olaraq Zəfər Bayramı elan olunub. Böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr iflasa uğramış xanədanlığın xarabalıqları üzərində bugünkü Türkiyə Cümhuriyyətini qurmaq üçün böyük mücadilə və qurbanlar veriblər. Bu qalibiyyət türk xalqının Qurtuluş savaşında həlledici rol oynayıb. Sevindirici haldır ki, 100 il əvvəl torpağımızda doğulan günəş 100 il sonra da gözəlliyini itirmədən parlayır. Ölkələrimiz arasında münasibətlərin bugünkü dostluq, qardaşlıq və strateji müttəfiqlik səviyyəsinə çatdırılmasında dövlət başçılarının müstəsna rolu var. Azərbaycanın etibarlı müttəfiqi olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin mühüm tərkib hissəsidir. Ölkələrimiz arasındakı tarixi, dini və mədəni əlaqələr hərbi sahədə mövcud əməkdaşlığın inkişafına yeni imkanlar açır."
Deputat Aydın Hüseynov əlavə edib ki, Azərbaycan və Türkiyə ölkələri arasında münasibətlər bundan sonra da davam etdirilməsi və gələcək nəsillərə ötürülməsi olduqca vacibdir.