Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın yaradıcılıq gecəsi keçirilib. Tədbirin aparıcısı tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova qonaqları salamlayıb və bildirib ki, Elmira Axundova müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından biridir, yazıçının çoxşaxəli və zəngin yaradıcılığı təkcə bədii əsərlərlə məhdudlaşmır.
Yazıçının publisistik, ictimai-siyasi, diplomatik fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, Elmira Axundovanın əsərləri geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanır, müxtəlif dillərə tərcümə olunur və ölkəmizin ədəbi mühitində mühüm yer tutur. Yazıçının Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr etdiyi əsərləri, onun 6 cildlik “Heydər Əliyev. Şəxsiyyət və Zaman” tədqiqat-romanı mühüm tarixi mənbədir.
L.Məmmədova qeyd etdi ki, E.Axundovanın əsərlərinin qəhrəmanları arasında görkəmli oftalmoloq-alim Zərifə Əliyeva, Prezidentimiz İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Xalq yazıçıları İmran Qasımov, Mirzə İbrahimov, İsmayıl Şıxlı, Natiq Rəsulzadə və Anar, şair, jurnalist Tahir Aslanlı, dünyaşöhrətli yazıçı Oljas Süleymenov, istedadlı jurnalist-reportyor Fərid Xayrullin, hamımızın sevimlisi, zarafatları ilə üzümüzdə təbəssüm yaradan Anar Məmmədxanov, dünyada ilk və ən böyük Miniatür Kitab Muzeyinin yaradıcısı Zərifə Salahova və b. var.
Xalq yazıçısı Natiq Rəsulzadə çıxışında vurğuladı ki, E.Axundova ədəbiyyatın ən çətin janrlardan biri olan bədii publisistika ustasıdır. O, çoxsaylı mənbə və sənədlərlə işləyir və yorulmaz əməyi nəticəsində maraqlı kitablar yazır. Tədbirdə M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın fəxri və fəal oxucuları Şahzadə İldırım, Zeynəb Cəmaləddin, Nəzrin Dadaşova, Nəzakət Məmmədova, Zemfira Məhərrəmli, Aleksandra Nikuşina, Lyubov Ələkbərova, Nəzrin Məmmədova, Zenfira Əliyeva, Günel Zaur və b. Elmira Axundovanın Ulu Öndər Heydər Əliyevin vəfatı ilə bağlı dərc olunmuş məqalədən, “Bu bizik”, “Kapitanın taleyi” kitablarından, yazıçının Böyük Zəfərimizə həsr etdiyi essedən sitatlar gətirdilər. Bədii hissədə Zülfi Əsədzadə və Orxan Cəlilov Cahangir Cahangirovun “Alagöz”, Tofiq Quliyevin “Lirik mahnı” və “Qızıl üzük” mahnılarını, “Küçələrə su səpmişəm” xalq mahnısını ifa etdilər. Onları royalda Günel Hacıyeva müşaiyət etdi. Yaradıcılıq gecəsində Xalq yazıçısı Elmira Axundova oxucuların çoxsaylı suallarına cavab verdi, bütün tədbir iştirakçılarına avtoqraflı kitablarını hədiyyə etdi. Xalq yazıçısı Elmira Axundovavın yaradıcıllığına həsr olunmuş videoçarxlar və onun şəxsi arxivindən virtual fotoalbom nümayiş olundu. Tədbirdə ədəbiyyat və mədəniyyət nümayəndələri, şair və yazıçılar, ziyalılar, tələbə və gənclər, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın fəal və Fəxri oxucuları, geniş ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Videoçarx kitabxananın YouTube kanalında aşağıdakı keçiddə yerləşdirilib: https://www.youtube.com/watch?v=ti50heQeKVQ