AZAL-ın əməkdaşları “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağac əkiblər - VİDEO

Azərbaycanın milli aviadaşıyıcısı AZAL “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində martın 15-də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ağacəkmə aksiyası keçirib.

Bu barədə Sabahinfo.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Aksiya çərçivəsində Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1 hektar sahədə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olan 600-dən çox Eldar şamı və zeytun ağacı əkilib. Həmçinin aksiyanın keçirildiyi ərazidə müvafiq abadlıq işləri aparılıb.

“Yaşıl dünya naminə həmrəy olaq!” şüarı altında təşkil olunan tədbirdə Azərbaycan Hava Yollarının 50-yə yaxın əməkdaşı iştirak edib. Aksiya ekoloji tarazlığın qorunması məqsədini daşıyırdı.

AZAL BMT-nin Qlobal Sazişinin iştirakçısı olaraq ağacəkmə və digər ekoloji təşəbbüsləri həyata keçirməklə ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini nümayiş etdirir.