"Azərbaycan bölgədə davamlı sülhün, sabitliyin yaranmasında maraqlıdır"

"Azərbaycan  barış və savaş siyasətini ən yüksək səviyyədə dünyaya nümayiş etdirən ikinci dövlətdir. Yüz il öncə  dünya güclərindən ölkəsinin ərazi bütövlüyünə hörmət etməyi istəyən Mustafa Kamal Atatürk sayğısız imperializm siyasətinə qarşı türk xalqının milli iradəsini ortaya qoydu və Zəfər qazandı. “Yurdda sülh, cahanda sülh” şüarını bəyan edən Atatürk barışı qorxu altlnda deyil,  özünün və ölkəsinin humanizm prinsiplərini dünyaya sübut etmək üçün seçdi. 

İkinci belə bir nümunə yüz il sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Zəfər savaşında göstərildi.

Qarabağ münaqişəsinin sülh yolu ilə həllini bütün danışıqlar zamanı bəyan edən Azərbaycanın bu mövqeyini çoxları gücsüzlük, çarəsizlik kimi qəbul edirdi. Prezident İlham Əliyevin dəfələrlə “Biz torpaqlarımızı öz gücümüzlə azad etməyə qadirik” bəyanatı, eləcə də Azərbaycanın düşmənin Lələtəpə və Tovuz təxribatlarına layiqli cavabı da işğalçıya dərs olmadı. Nəhayət, 2020-ci il  sentyabrın 27-də əsəbləri tarıma çəkilmiş Azərbaycan əks-həmlə ilə “dəmir yumruğunu” düşmənin başına endirdi və qəsbkar dövlət rüsvayçı şəkildə kapitulyasiyaya məcbur edildi".

Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Deputat qeyd edib ki, düşməni bütün cəbhəboyu tam məhv etmək imkanı olduğu halda Azərbaycan yenə də sülhpərvərliyini nümayiş etdirərək, humanitar siyasətinə sadiq qalaraq bəzi ərazilərin qan tökülmədən azad olunması üçün güzəştə getdi: "Amma Azərbaycanın bu humanizminə düşmən vandal və insanlıqdan uzaq addımla cavab verdi. Ağdamda və Kəlbəcərdə ərazilər minalandı. Aradan xeyli vaxt keçməsinə baxmayaraq, hələ də düşmən tərəfindən ərazilərimizdə xaincəsinə basdırılan minalardan bu gün də ciddi əziyyət çəkirik. Düşmən isə öz ampulasında olaraq idbar əməllərindən əl çəkmir.

Növbəti erməni təxribatına Laçında şahidlik edirik. Azərbaycan Laçın şəhəri və ətraf kəndlərdə sonradan məskunlaşan ermənilərin çıxarılmasına zaman tanıdığı halda, düşmən bu əraziləri yandırmaq və minalamaqla məşğul olur. Belə ki, cari ilin 15-22 avqustunda Laçın rayonu ərazisində 1500-ə yaxın piyada əleyhinə, xeyli sayda tank əleyhinə mina zərərsizləşdirilib. Aşkarlanan minaların böyük əksəriyyətinin 2021-ci ildə Ermənistanda istehsal olunması düşmən dövlətin 10 noyabr Bəyannaməsindən sonra ərazidə hərbi təxribatlarına və sülhdən uzaq mövqe tutmasına əyani sübutdur. Ümumilikdə, ötən müddət ərzində mina və partlamamış sursat səbəbindən 232 nəfər Azərbaycan vətəndaşı mina qurbanına çevrilmiş, onlardan 40 nəfəri həyatını itirmişdir. Bu məsələdə də dünya ikili standartlarını nümayiş etdirir. Azərbaycana minaların təmizlənməsi üçün lazımi beynəlxalq dəstək göstərilməməsi bir yana, ermənilərin bu təxribatlarına da heç bir etiraz edilmir.

Beynəlxalq təşkilatlar yenidən Azərbaycana qarşı haqsız mövqe göstərməklə bölgədə hərbi gərginliyə şərait yaratmış olurlar. Azərbaycan humanitar siyasət yürüdərək Ermənistandan Xankəndinə ayırdığı dəhliz hərbi məqsədlər üçün istifadə olunursa (minaların istehsal tarixi onların məhz bu dəhlizlə əraziyə gətirildiyini təsdiqləyir) və bunun nəticəsində vətəndaşlarımız həyatını itirirsə, rəsmi Bakı sərt tədbirlər atmağa məcbur olacaq. Bunun  bütün məsuliyyətini isə destruktiv erməni tərəfi və onların təxribatına seyrçi qalan beynəlxalq təşkilatlar daşıyırlar".

Deputat sonda bildirib ki, öhdəliyini pozan Ermənistan ökəmizin işğaldan azad  olunan ərazilərində minalar və digər partlayıcılar basdırmaqda davam edir, torpaqlarımız kütləvi şəkildə dünyanın gözü qarşısında çirkləndirilir: "Amma ölkələr, beynəlxalq təşkilatlar buna susmaqla cavab verirlər. Yaxud, ölkəmiz işğaldan azad edilmiş torpaqlarda kütləvi şəkildə basdırılmış minalardan və digər partlayıcılardan təmizlənmə prosesini demək olar ki, təkbaşına həyata keçirir və bu istiqamətdə ən az yardım alan ölkədir.

İkili yanaşma qəbuledilməzdir. Ölkəmiz tam haqlı tərəf kimi bölgədə əmin-amanlığın, davamlı sülhün, sabitliyin yaranmasında maraqlıdır və bütün fəaliyyəti ilə bunu sübuta yetirib. Qarşı tərəf bunu düzgün təhlil etməli, başıpozuq silahlı qalıqlarını ərazilərimizdən çıxarmalıdır. Onlar anlamalıdırlar ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Prezident İlham Əliyev tərəfindən ölkə olaraq  Ermənistana verilmiş son şansdır. “Dəmir yumruğ”un növbəti zərbəsi daha ağır ola bilər".