Əminə Ağazadə: Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir

Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir.

Bu sözləri Böyük Britaniyanın Birminhem şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 29-cu illik sessiyasında çıxışı zamanı Milli Məclisin deputatı Əminə Ağazadə söyləyib.

Deputat deyib: “Azərbaycanın onlarla etnik, dini, linqvistik qruplar əsrlər boyu heç bir ayrı-seçkilik olmadan yan-yana yaşayıblar. Azərbaycanın bu qürurverici tarixi erməni etnik azlığına mənsub şəxslərin Azərbaycanın bərabərhüquqlu vətəndaşları kimi reinteqrasiya olacaqlarına ən yaxşı təminat verir. Azərbaycan münaqişənin təsirinə məruz qalmış ərazilərdə yaşayan erməni əsilli vətəndaşların da öz siyasi, sosial, iqtisadi məkanına yenidən inteqrasiya etməsində qətiyyətlidir. Azərbaycan Respublikasının Konstitusiyası bununla bağlı möhkəm hüquqi bazanı təmin edir.

İnsan hüquqları məsələsinə gəldikdə, insan hüquqlarına və əsas azadlıqlara hörmət, konstitusiya və hüquqi çərçivədə cəmiyyətlərdə bərabər və ayrı-seçkisiz əsaslarla təmin edilməlidir. Bunu ATƏT-in ümumi prinsipləri və öhdəlikləri tələb edir”.