Hacıqabul gölü Azərbaycanın ən böyük göllərindən sayılır. Tarixən Göl Böyük Qafqazın cənub-şərq yamaclarından axan səth sularının, yeraltı sular və Kür çayında dövrü olaraq baş verən daşqınlar hesabına qidalanmışdır. Göldəki biomüxtəliflik, zəngin flora və faunanın olması, ölkənin ekosistemi üçün gölün əhəmiyyətini əvəzsiz edirdi.
İlham Əliyev tərəfindən təməli qoyulan Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü dolacaq ki, bu da mövcud problemlərin aradan qalxması ilə nəticələnəcək. Ekologiya və ətraf mühitin qorunması dövlətin piroritetlərindən biridir. Ötən gün təməli atılan Şirvan suvarma kanalı da bu prioritetlərdən irəli gəlir.
Hacıqabul gölünün dolması flora və fauna ilə yanaşı həmin ərazidə yaşayan insanların məşğuliyyətini də artıracaq. Vaxtilə Hacıqabul gölündə tonlarla balıq tutulub, orada 54 növ bataqlıq quşları olub. Hansı ki, bu quşlardan beşinin adı "Qırmızı kitab"a düşüb. Hacıqabul gölü 60-cı illərə qədər Kür çayı ilə
qidalanırdı. Sonralar Mingəçevir Su Anbarının yaradılması, Kür çayında səviyyənin tənzimlənməsi və Hacıqabul gölünün qurumasına gətirib çıxarırdı. Göl qurumasın deyə, Kür çayından ora 6 kilometrlik şor Kür kanalı çəkilmişdi və gölün qidalanmasını təmin etmişdi. Lakin sonralar bu kanal müəyyən məişət tullantıları ilə tutulmuş və qidalanması dayanmışdı. Hazırda göldə quruma gedir. Bu kanal bərpa olunarsa, Hacıqabul gölünü əvvəlki vəziyyətinə qaytarmaq da olar. Canlı flora və fauna da burada yenidən canlanar. Onu da qeyd edim ki, Hacıqabul gölü köçəri quşların miqrasiyası üçün, bataqlıqda yaşayan su quşları, o cümlədən nəsli kəsilməkdə olan quş növlərinin yuva qurmaları üçün əlverişli şəraitə malikdir. Suyu ilıq olan bu göldə mamırların və onurğasızların bol olması quşlar üçün yaxşı yem bazası yaranmasını təmin edir.
Gölün quruması təbii ki, bir sıra ekoloji problemlərə gətirib çıxarmışdı. Gölün sanitar-mühafizə sistemi demək olar ki, qorunmurdu. Eyni zamanda yağıntılar zamanı səth sularının gölə axıdılması, gölətrafı ərazilərin məişət tullantıları ilə çirklənməsi kimi hallarla qarşılaşırdıq. Gölün dolması isə sadalanan problemlərin aradan qalxması ilə nəticələnməklə yanaşı ətrafda olan vətəndaşların göldən səmərəli istifadəsini şərtləndirəcək.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı