2025-ci il noyabrın 12-də Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul etməsi, ölkəmizin idarəetmə sistemində mühüm siyasi və inzibati hadisə kimi yadda qaldı. Dövlət başçısının çıxışında səsləndirdiyi fikirlər, yeni təyin olunan rəhbərlərə ünvanlanan mesajlar, həm regional idarəetmənin səmərəliliyinə, həm də xalqla dövlət arasında möhkəm bağlılığın qorunmasına yönəlmiş mühüm istiqamətləri özündə əks etdirirdi. Prezidentin “Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız” sözləri təkcə fərdi tapşırıq deyil, ümumilikdə dövlət idarəçiliyində məsuliyyət və xalqa xidmət fəlsəfəsinin bir göstəricisi kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin çıxışında xüsusi vurğuladığı əsas prinsip “xalqa xidmət etmək və xalqla bir yerdə olmaq” oldu. Dövlət başçısı bir daha xatırlatdı ki, hər bir dövlət məmurunun, xüsusilə yerli icra hakimiyyətləri rəhbərlərinin fəaliyyətinin təməlində məhz xalqın maraqları dayanmalıdır. Bu, sadəcə bir idarəetmə tələbi deyil, müstəqil Azərbaycanın dövlətçilik ideologiyasının mahiyyətini təşkil edən bir anlayışdır. Prezidentin də qeyd etdiyi kimi, “böyük məsuliyyət böyük işlər tələb edir”. Bu fikrin arxasında duran məna odur ki, hər bir məmur ona göstərilən etimadı doğrultmaq üçün fəaliyyətini şəffaflıq, ədalət və vətəndaş məsuliyyəti prinsipləri əsasında qurmalıdır. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət idarəçiliyi sistemində aparılan islahatlar, xüsusilə yerli icra orqanlarında kadr siyasətinin yenilənməsi, yeni düşüncəli, xalqa yaxın və məsuliyyətli kadrların önə çəkilməsi istiqamətində atılan addımlar bu siyasətin davamlılığını təmin edir. Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, “ilk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz”, yəni hər bir təyin olunmuş rəhbər dövlət siyasətinin icrasında şəxsi yanaşmadan deyil, ümummilli məqsədlərdən çıxış etməlidir. Prezident İlham Əliyevin çıxışında əsas vurğulardan biri də sosial ədalət prinsipinin üstün tutulması idi. “Əsas prinsip sosial ədalət prinsipidir” deyən dövlət başçısı bir daha xatırlatdı ki, cəmiyyətin inkişafı, bölgələrdə sabitliyin və rifahın təmin olunması üçün ən mühüm amil ədalətin bərqərar olmasıdır. Hər bir kənddə, hər bir rayonda insanlar ədalətin varlığını hiss etməlidirlər. Sosial ədalət prinsipi vətəndaş məmnunluğunun təminatı olmaqla yanaşı, dövlətin legitimliyini və xalqın ona olan inamını möhkəmləndirən amildir. Prezident İlham Əliyevin “insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir” fikri bu baxımdan dövlət idarəçiliyinin ideoloji əsasını təşkil edir. Prezident İlham Əliyev həmçinin qeyd etdi ki, keçmişdə bəzi məmurların məsuliyyətsizliyi və mənfi davranışları bölgələrdə proseslərin düzgün istiqamətdə inkişafına mane olmuşdu. “Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb” – deyə Prezident İlham Əliyevin bu fikri həm keçmişin nəticələrinə obyektiv qiymət, həm də bu gün formalaşan yeni idarəçilik fəlsəfəsinin göstəricisidir. Bu yanaşma dövlətin şəffaflıq, hesabatlılıq və məsuliyyət prinsiplərinə əsaslandığını bir daha təsdiqləyir. Prezident İlham Əliyevin çıxışında əksini tapan tapşırıqlar arasında ən önəmlilərindən biri də xalqla birbaşa ünsiyyətin təmin olunmasıdır. Prezident İlham Əliyev vurğuladı ki, hər bir rəhbər vətəndaşların qayğılarını dinləməli, onların problemlərinə çevik və obyektiv reaksiya verməlidir. Bu, “xalqla bir yerdə olmaq” prinsipinin praktik tətbiq formasıdır. Beləliklə, dövlət-vətəndaş münasibətləri artıq təkcə inzibati deyil, həm də mənəvi məsuliyyət əsasında formalaşır. Prezident İlham Əliyev həmçinin bölgələrdə aparılan islahatların məqsədinin yalnız infrastruktur və iqtisadi göstəricilərin yaxşılaşdırılması ilə məhdudlaşmadığını, əsas hədəfin insan amili olduğunu xüsusi qeyd etdi. Hər bir islahat, hər bir qərar və hər bir təyinatın arxasında vətəndaş rifahının yüksəldilməsi dayanmalıdır. Bu baxımdan, sosial ədalətin təmin olunması, şəffaf idarəçilik və ictimai etimadın möhkəmləndirilməsi dövlətin başlıca məqsədləridir. Nəticə etibarilə, Prezident İlham Əliyevin 12 noyabr 2025-ci ildə səsləndirdiyi çıxış Azərbaycan dövlət idarəçiliyinin gələcək istiqamətlərini müəyyənləşdirən mühüm siyasi sənəd kimi dəyərləndirilə bilər. Bu çıxışda dövlət başçısı yeni təyin olunan rəhbərlərə yalnız inzibati tapşırıqlar verməklə kifayətlənmədi, eyni zamanda onlara mənəvi məsuliyyət və milli dəyərlərə sadiqlik borcu xatırlatdı. Prezident İlham Əliyevin sözləri ilə desək, “böyük məsuliyyət böyük işlər tələb edir” bu, müasir Azərbaycan idarəçiliyinin devizinə çevrilmiş əsas prinsipdir. Beləliklə, dövlət başçısının verdiyi mesajlar — xalqa xidmət, sosial ədalət, şəffaflıq və məsuliyyət təkcə həmin görüşün deyil, bu prinsiplər əsasında fəaliyyət göstərən hər bir dövlət məmuru xalqın etimadını qazanacaq, dövlətin dayanıqlığına və inkişafına real töhfə verəcəkdir.
Şahin Seyidzadə
Milli Məclisin deputatı