“Azərbaycan müasir və yüksək səviyyəli şəhərsalma nümunəsi sərgiləyir”

Azərbaycan işğaldan azad olunmuş ərazilərində yüksək səviyyəli bərpa-quruculuq işləri aparır. Qədim diyarımız – Şərqi Zəngəzur da sıfırdan inşa edilməkdədir. Zəngilanda keçirilən 2-ci Milli Şəhərsalma forumu da azad edilmiş ərazilərimizin inkişafın və bərpanın hərəkətverici qüvvəsi olduğunu bir daha dünyaya nümayiş etdirdi. 53 ölkədən 200-ə yaxın xarici qonaq və ümumilikdə 400 iştirakçının qatıldığı forumda Azərbaycanın iğaldan azad etdiyi ərazilərdə aparılan bərpa-quruculuq işləri məkanın düzgün idarə edildiyi bir daha diqqətə çatdırıldı. Təsadüfi deyil ki, Azərbaycan bu işləri həm də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin bərpa planına kifayət qədər ehtiyacı olduğu bir vaxtda həyata keçirir.

Bu mənada BMT rəsmiləri də Azərbaycanın ev sahibliyi etdiyi milli səviyyəli şəhərsalma forumunu iqtisadi və ətraf mühit planlamasını özündə ehtiva edən əlverişli platforma kimi dəyərləndirir. Ötən il Ağdamda, bu il isə Zəngilanda düzənlənən Milli Şəhərsalma Forumu vasitəsilə üzv ölkələr və şəhər rəhbərləri Dayanıqlı İnkişaf Məqsədinə nail olmaq üçün düzgün siyasətin həyata keçirilməsi baxımından mühüm məlumatlar əldə edə bildilər. Burada aparılan müzakirələr növbəti milli forumlara hazırlıq prosesinə də təkan vermiş oldu.

Foruma qatılan iştirakçılar həm də Zəngilanın timsalında keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtdığı ilk bölgəni gördülər.

Beynəlxalq tədbirə ev sahibliyi edən Zəngilan həm də mühüm nəqliyyat qovşağıdır. Prezident İlham Əluevin Milli Şəhərsalma Forumunda da bəyan etdiyi kimi, nəqliyyat dəhlizləri üzərində yerləşdiyindən Zəngilan Beynəlxalq Hava Limanının inşası bu bölgənin inkişafı baxımından mühüm faktordur. Sovet dövründə mövcud olan dəmir yolu xəttini bərpası Zəngilanın çox vacib nəqliyyat mərkəzi kimi əhəmiyyətini daha da artıracaq.

Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırdığımız minimum büdcə 2,4 milyard ABŞ dolları olacaq. Forum iştirakçılarının da diqqətinə çatıdırldı ki, Azərbaycan bu işləri öz şəxsi dövlət vəsaiti hesabına həyata keçirir. Çox böyük maliyyə yükü olsa belə “Böyük Qayıdış Proqramı”nın icrası Azərbaycan üçün bir nömrəli vəzifədir. Zəngilanın ev sahibliyi etdiyi milli şəhərsalma forumunda yalnız şəhər planlaması və inkişafa dair təcrübə mübadiləsi aparılmadı. Həm də Qarabağ və Şərgi Zəngəzurun gələcəyinə dair viranlıqdan dayanıqlılığa aparan strategiya dünyaya bəyan edildi.