Azərbaycan nüfuzlu aktora çevrilib

“2 mart 1992-ci ildə keçirilən BMT Baş Assambleyasının 46-cı sessiyasında Azərbaycan Respublikasının təşkilata üzv qəbul edilməsi ilə bağlı qətnamə qəbul edildi. Qətnamənin qəbul olunmasından 4 gün sonra Azərbaycanın BMT-də daimi nümayəndəliyi yaradıldı. 30 ildir ki, Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağı dünya dövlətlərinin bayraqlarının boy sırasında dalğalanmaqdadır”. 

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. 

Deputatın sözlərinə görə, bu 30 il Azərbaycan üçün keşməkeşli, mübarizəli və qələbəlik illəri olub: “Məhz BMT tərəfindən Azərbaycan Respublikasının 1991-ci ildəki sərhədləri çərçivəsində tanınması sayəsində sonrakı illərdə erməni işğalçılarının torpaqlarımızdan təmizlənməsi üçün beynəlxalq hüquq müstəvisində imkanlar yaranıb. BMT Təhlükəsizlik Şurasında qəbul olunmuş 822, 853, 874 və 884 nömrəli qətnamələr erməni hərbi birləşmələrinin işğal etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasını tələb edirdi. BMT TŞ-nin təşəbbüsü ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk qrupu yaradıldı. Amma təəssüf ki, Minsk qrupunun fəaliyyət göstərdiyi 28 ildə münaqişənin həlli istiqamətində hər hansı bir irəliləyiş əldə olunmadı və Azərbaycan öz gücü ilə torpaqları işğalçılardan azad etdi. Amma bununla yanaşı, Azərbaycanın BMT-yə üzv olması ölkəmizə beynəlxalq tribunalardan öz haqq sözünü çatdırmağa imkan verdi və beynəlxalq hüquq müstəvisində ədalətli olduğumuzu təsdiq etdirə bildik. Bu da 44 günlük Vətən müharibəsində düşmənimizə dəstək verən ölkələrin müdaxilə etməsinin qarşısını almış oldu və qələbəmizin beynəlxalq səviyyədə də tanınmasını şərtləndirdi”. 

A.Badamov vurğulayıb ki, Azərbaycan bu 30 ildə BMT-nin layiqli üzvü olduğunu sübut edib: “2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə üzv seçilməsi ilə bağlı keçirilən seçkilərdə 155 ölkənin Azərbaycanı dəstəkləməsi dünya çapında apardığımız beynəlxalq siyasətin uğuru sayəsində qazandığımız nüfuzun göstəricisi idi. Azərbaycanın TŞ-yə sədrlik etdiyi dövrdə dünyada baş verən hadisələrlə bağlı mühüm qətnamələr və qərarlar qəbul edilib. Azərbaycan dünya ölkələri arasında söz sahibi olan nüfuzlu aktora çevrilib. Məhz Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu beynəlxalq siyasət sayəsində ölkəmiz Qoşulmama Hərəkatına sədrlik edir və dünyada pandemiya tüğyan etdiyi bir vaxtda Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində təşəbbüsümüzlə BMT Baş Assambleyasının xüsusi sessiyası çağırıldı və mühüm qətnamələr qəbul edildi. Azərbaycan bütün beynəlxalq təşkilatlarda layiqli üzv kimi təmsil olunur və bu da bizə ölkəmizin ədalətli mövqeyini nümayiş etdirməyə imkan verir”.