Azərbaycan Şərqi Avropa ölkələri ilə əməkdaşlığı şaxələndirir

Azərbaycan Şərqi Avropa ölkələri ilə əlaqələri getdikcə inkişaf etdirir. Bu istiqamətdə növbəti mühüm addım kimi Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun, onun ardınca baş naziri Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Bakıya etdikləri rəsmi səfəri qeyd etmək olar. Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya hökumətləri 2022-ci il dekabrın 17-də Buxarestdə yaşıl enerjinin inkişafı və çatdırılması sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar. Bu, 1 QVt gücündə elektrik enerjisinin ötürülməsi üçün Qara dənizin dibi boyunca kabel çəkilməsini nəzərdə tutur. Xətt 1195 km uzunluğunda olacaq və Azərbaycanda istehsal edilən elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, sonradan Macarıstana və Avropanın qalan hissəsinə nəql etmək üçün nəzərdə tutulmuşdur.

Gördüyümüz kimi, ölkəmiz çoxlu sayda Avropa ölkələrinin xeyrinə olacaq möhtəşəm layihələrin həyata keçirilməsində iştirak etməyə hazır olduğunu və bacarığını yenidən nümayiş etdirir. Bu baxımdan onu da əlavə etmək lazımdır ki, Slovakiyanın Baş naziri Robert Fikonun Azərbaycana səfəri çox məhsuldar keçdi. Görüşdə imzalanan “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, "Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” iki ölkə arasında əməkdaşlığın yeni mərhələsinin əsasını qoyur.

Fitso Azərtac və AzTV-yə müsahibəsində bildirib ki, Hərbi sənaye sahəsində də iştirak etmək mümkündür. Slovakiyada müdafiə sənayesinin inkişafını dəstəkləmişəm. Cənab Prezidentlə bəzi layihələri müzakirə etdik. Texnologiya Slovakiyadan və maliyyə Azərbaycandan olacaq. İstehsal ediləcək silahlar ya ixrac olunacaq, ya da Azərbaycanda qalacaq. Bildiyimiz kimi, Ukraynadakı müharibə parametrləri tamamilə dəyişib. Hazırda silahlarla bağlı ciddi çatışmazlıq var. Bunu edə bilsək, hər iki ölkə üçün faydalı olacağını düşünürəm.

Bu gün dünyada və Avropada baş verən hadisələr bütövlükdə bəzi Şərqi Avropa ölkələrinə münasibətdə də ikili standartların tətbiqinə gətirib çıxarır. Ancaq biz görürük ki, bu ölkələridən bir çoxu dəstək üçün, əməkdaşlıq üçün Azərbaycana müraciət edir. Bu yerdə Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Peter Sziyartonun fikirlərini bir daha xatırlatmaq istərdim: “Mən 2010-cu ildə Azərbaycanla bu münasibətlərə görə çoxlarının bizi tənqid etdiyini yaxşı xatırlayıram. Amma indi bizi tənqid edənlər Prezident İlham Əliyevlə şəkil çəkdirmək arzusundadırlar”. Bu bir daha Budapeştin Bakı ilə strateji münasibətlərin qurulması ilə bağlı verdiyi qərarın nə qədər düzgün olduğunu bir daha sübut etir. Bəli, Budapeştdə, Bratislavada, Sofiyada eləcə də Buxarestdə Azərbaycanla əlaqələrin hərtərəfli inkişafının vacibliyini daim vurğulayırlar. Ermənistan və Gürcüstanda ciddi daxili siyasi böhran və gözlənilməz sonluqla nəticələnən hökm sürən hadisələr fonunda Cənubi Qafqazda Azərbaycan sabitlik və rifah ərazisi olaraq qalır ki, bu da dövlət başçısı İlham Əliyevin uğurlu strategiyası sayəsində əldə olunur.

Bu səfərin uğur dərəcəsini qiymətləndirmək üçün “nəticələr gözləntilərimi üstələdi” deyən Fitsonun özünün sözlərinə müraciət etmək kifayətdir. Çətin dövrlərlə ayaqlaşan, regionda və dünyada baş verən hadisələri nəzərə alan Azərbaycan uzun müddətdir davam edən ərazi münaqişəsinin yekun həllinə baxmayaraq, hərbi potensialını gücləndirməkdə davam edir. Bunun əsas səbəbi Ermənistanı Fransa, Hindistan və digər dövlətlər tərəfindən intensiv şəkildə silahlandırmasıdır. Bakı ilə İrəvan arasında hələ imzalanmamış sülh müqaviləsi kontekstində Ermənistanın silahlanması faktorunun özü Azərbaycanın təhlükəsizliyinə təhdid yaradır. Mümkün yeni müharibənin qarşısını almaq üçün Azərbaycan daim artan revanşist əhval-ruhiyyəsi regiona sülhün sürətlə gəlməsinə kömək etməyən Ermənistan üzərində hərbi üstünlüyünü saxlamalıdır. Bu, Azərbaycanın hər zaman daha güclü olmasını vacib edir. Prezident İlham Əliyevin son müsahibələrinin birində qeyd etdiyi kimi, “Ordumuzun qurulması prosesi davam edəcək. Ermənistan bilməlidir ki, nə qədər silah alsa da, nə qədər dəstəklənsə də, bizə qarşı hər hansı təhlükə mənbəyi dərhal məhv ediləcək. (...) Əgər özümüz üçün real təhlükə aşkar etsək, onları məhv etmək üçün dərhal qabaqlayıcı tədbirlər görəcəyik".

Slovakiyanın təbii qaza ehtiyacı var, Azərbaycan isə onun “mavi yanacağa” ehtiyacını ödəmək mənbəyinə çevrilə bilər. İlham Əliyev mediaya verdiyi birgə bəyanatda enerji sahəsində əməkdaşlıqla bağlı müzakirələrin aparıldığını açıqlayıb. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ola bilsin ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanmışdır və Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır. Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir. Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlamışdır. Eyni zamanda, genişmiqyaslı yaşıl gündəliyimiz də icra edilir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması qaza qənaət etmək imkanı yaradacaqdır və bu qənaət olunmuş qazın əsas ünvanı Avropa olacaqdır.

 Azərbaycan-Slovakiya əməkdaşlığının digər diqqətəlayiq istiqaməti Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki fəaliyyətdir. Belə ki, Ağdam rayonunun Qərvənd kəndinin yenidən qurulmasını Slovakiya şirkəti həyata keçirəcək. Prezident İlham Əliyevin dediyi kimi, “Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək".

Hər iki dövlətin rəhbərləri müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu və bu gün cəmi 70 milyon avro təşkil edən ticarət dövriyyəsinin həcminin əhəmiyyətli dərəcədə artdığını qeyd ediblər. Amma bu səfər zamanı diqqət çəkən əsas məqam dünyada baş verən demək olar ki, bütün hadisələrə Azərbaycan və Slovakiya liderlərinin siyasi baxışlarının ümumi olduğunu və bunlarda heç bir ziddiyyətin olmadığını bəyan etməsi oldu. Cənab Fitso Avropa İttifaqının üzvü olan bir ölkənin baş naziri kimi Aİ-nin təkəbbürünü və “başqalarını maarifləndirmək” istəyini tənqid edib. “Biz Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq və Azərbaycandakı obyektiv vəziyyəti Avropa İttifaqında təqdim etmək istəyirik. Biz haqq-ədalət uğrunda mübarizə aparmalıyıq. Buradan mən də Xarici İşlər Nazirliyimizə və parlamentimizə müraciət edə bilərəm ki, biz Azərbaycandakı vəziyyəti mümkün qədər obyektiv işıqlandırmalıyıq”. Baş nazir Fitso Azərbaycanın həyata keçirdiyi müstəqil siyasəti nümunə adlandırır: "Siz suveren bir ölkəsiniz və suverenliyə gəldikdə nümunəvi ölkəsiniz. Suveren mövqe və fikirlərə gəldikdə, mən hər zaman belə ölkələri yüksək qiymətləndirmişəm. Siz ədalətsizliyə sinə gərirsiniz. Eyni yanaşmanı mən Slovakiyada tətbiq etməyə çalışacağam ki, Slovakiya da suveren xarici siyasət apara bilsin və bizim kimi suveren ölkələr bir araya gəldikdə nəticələr çox gözəl ola bilər". Beləliklə, Qərbi Avropada və xaricdə yeni anti-Azərbaycan intriqaları hazırlanarkən, Şərqi, Cənubi və Mərkəzi Avropada Azərbaycanla strateji tərəfdaşlıq səviyyəsində əlaqələr qurmaq istəyən tərəfdaşların sayı durmadan artır və öz mövqeyini möhkəmləndirir.

 Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova