Azərbaycan xarici investisiyalar üçün açıq ölkədir

Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik münasibətlərin qurulması dövlət müstəqilliyimizin ilk dövrünə təsadüf edir. Birləşmiş Ərəb Əmirlikləri 1991-ci ilin 26 dekabr tarixində respublikamızın müstəqilliyini tanımışdır.

Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik əlaqələr 1992-ci ilin 1 sentyabr tarixində qurulmuşdur. Hər iki dövlət beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsiplərini rəhbər tutaraq əlaqələrini uğurla inkişaf etdirməkdədir. Həmin vaxtdan etibarən sabit inkişaf xətti götürərək tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər bir çox mühüm hadisələrlə əlamətdar olmuşdur.

Ölkə başçılarının qarşılıqlı səfərləri son illər sürətlə inkişaf edən ikitərəfli münasibətlərə əlavə impulslar vermiş və bir sıra uğurlu nəticələrlə yadda qalmışdır. Bu gün ölkələrimiz arasında mövcud olan münasibətlərin xarakteri deməyə əsas verir ki, dünya siyasətində özünəməxsus yeri olan Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanla mövcud əlaqələrin daha da genişləndirilməsində maraqlıdır.

Birləşmiş Ərəb Əmirlikləri iqtisadiyyatın bütün sahələrində ölkəmizlə əməkdaşlıq əlaqələrini genişləndirməkdə maraqlıdır. Bu maraq ölkə rəhbərləri arasında aparılmış danışıqlarda, həmçinin iki dövlətin yüksək vəzifəli rəsmilərinin və iş adamlarının keçirdikləri görüşlərdə bir daha təsdiqlənmiş, bu münasibətlə hökumətlərarası sənədlər imzalanmışdır. Həqiqətən də ölkələrimiz, hökumət strukturlarımız və şirkətlərimiz arasında əməkdaşlığın inkişafının yeni mərhələyə yüksəldiyini görürük. Milli neft şirkətlərimiz, enerji şirkətlərimiz ADNOC və SOCAR artıq Azərbaycanda rəsmi olaraq tərəfdaş olublar. Birləşmiş Ərəb Əmirliklərində və digər ölkələrdə birlikdə işləmək üçün planlar var.

Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfelimiz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır. Bizim neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və indi biz neft və qazı müxtəlif istiqamətlərə ixrac edirik.

Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarını istismara verilib və bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır

 Ötən ilin dekabrında müvafiq müqavilə imzalanıb. Biz artıq fəaliyyətimizə başlamışıq, rəhbər komitə bir neçə dəfə toplanıb. Bir neçə aydan sonra bizim yeni enerji təhlükəsizliyi layihəsinin - Yaşıl Enerji Dəhlizinin, inteqrasiya edilmiş ötürücü, istehsal və istehlak müəssisələrinin, o cümlədən Qara dənizin dibindən keçəcək elektrik kabelinin tam texniki-iqtisadi əsaslandırması hazır olacaq. Hazırda 4 qiqavat gücündə bərpaolunan enerji mənbələri üçün texniki-iqtisadi əsaslandırma hazırlanır. Azərbaycanın Qərblə Şərqi qovuşduran geostrateji tranzit xətlərinin təmas məkanında yerləşməsi, qlobal enerji və kommunikasiya layihələrinin reallaşdırılmasında aparıcı rol oynaması, habelə zəngin intellektual resurslara malik olması əməkdaşlığın istənilən istiqamətində geniş fəaliyyət planlarını nəzərdən keçirməyə imkan verir.

Əminə Ağazadə

Milli Məclisin Deputatı