"Azərbaycanın İsraildə səfirliyinin açılması zamanın tələbidir"

"Noyabrın 18-də Milli Məclis yekdilliklə Azərbaycanın İsrailin Tel-Aviv şəhərində səfirliyinin açılması ilə bağlı qanun qəbul etdi".

Bunu Sonxeber.az-a açıqlamasında deputat Nəsib Məhəməliyev söyləyib. Deputat hər şeydən əvvəl, müxtəlif şər qüvvələrin etirazlarına, şantajlarına baxmayaraq, siyasi iradə nümayiş etdirməklə müvafiq qərar qəbul edən Prezident İlham Əliyevə təşəkkürünü bildirib: "İsrail Azərbaycana dost dövlətdir və hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib. İndiyə qədər səfirliyimizin olmamasına baxmayaraq, ikitərəfli əlaqələrimiz yüksək səviyyədə qurulub. Xüsusilə, 44 günlük müharibədə İsrail ölkəmizin yanında olub. O dövrün baş naziri Benyamin Netanyahunun ermənilərə silah satmamalarını izah etməsi, xalqımızın yaddaşlarına əbədi həkk olunub. Azərbaycan xalqı qədir bilən, tolerant xalqdır. Çətin anların dostunu, düşmənini unutmur. Eyni zamanda, ölkəmizdə xeyli sayda yəhudi millətinin nümayəndələri yaşayır. Onlar da, Azərbaycanda yaşayan digər xalqlarla birlikdə ölkəmizin suverenliyi uğrunda müharibələrdə iştirak ediblər".


Deputat vurğulayıb ki, İsrail ən müasir texnologiyalara, elmi potensiala, güclü müdafiə sisteminə, hərbi-sənaye kompleksinə, innovativ kənd təsərrüfatına malik, hərtərəfli inişaf etmiş ölkədir: "Hesab edirəm ki, İsraildə səfirliyimizin açılması, ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni əlaqələrimizin daha da inkişafına səbəb olacaq. Son zamanlar İsrailin, bir sıra Ərəb ölkələri ilə münasibətlərində dəyişikliklər baş verib. Qardaş Türkiyə ilə uzun illərdən sonra barışıq əldə olunub, qarşılıqlı şəkildə səfirliklər fəaliyyətlərini bərpa ediblər. Azərbaycanın İsraildə səfirliyinin açılması zamanın tələbidir və hər iki dövlətin, xalqlarımızın mənafeyinə uyğundur".