Azərbaycanla İran arasında yeni bir mərhələ

Araz çayı üzərində “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimindn açılış mərasimi təkcə Azərbaycanla İran arasında əməkdaşlığın inkişafında yeni bir mərhələnin başlanğıcı olmaqla yanaşı, ciddi geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edən bir layihədir.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov deyib.

Deputat bildirib ki, Araz çayı üzərindəki “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları iki ölkənin energetika, kənd təsərrüfatı, iqtisadiyyatın müxtəlif sahələrinin sahələrinin, o cümlədən əhalinin həyat şəraitinin yaxşılaşmasına öz müsbət təsirini göstərəcək:

"Bu, eyni zamanda Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafının mühüm elementlərindən olmaqla bərabər, regional əməkdaşlıq əlaqələrinə də təkan verəcək. Stansiyaların qoşulacağı “Cəbrayıl” enerji qovşağı ölkəmizin Şərqi Zəngəzur və Naxçıvan bölgələri arasında yeni enerji bağlantısına xidmət edəcək.

“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları “yaşıl enerji” sahəsində təkcə ölkələrimiz arasında deyil, həm də regionun və dünyanın digər ölkələri, xüsusən də Avropa ölkələri ilə əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni perspektivlər vəd edir. Bir sözlə, layihələr Azərbaycanın altenativ və bərpa olunan enerji, o cümlədən iqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı qarşısına qoyduğu hədəflərə nail olmasına öz töhfəsini verəcək".

Deputat eyni zamanda əlavə edib ki, Araz üzərində tikilən bu hidroqovşaqların Azərbaycanın bölgədə yaratdığı geosiyasi reallıqlar baxımdan çox böyük tarixi əhəmiyyət kəsb edir: "Bu, Azərbaycanın bölgədə ciddi söz sahibi və oyunçu olduğunu, regionun gələcək siyasi həyatının müəyyənləşdirilməsində əsas rol oynayan ölkə olduğunu ortaya qoyur. Azərbaycanla İran arasında hidroqovşaqların birgə istifadəyə verilməsi, ümumiyyətlə, bölgədə tamamilə yeni situasiya yaratmaqla Azərbaycanın yaratdığı geosiyasi reallıqların tələbinə uyğun olaraq bölgədə dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin, sıx əməkdaşlıq formatlarının yaranması istiqamətində yeni fürsətlər açır. Regionda, xüsusən də Qarabağ və Şərqi Zəngəzurda yeni müxtəlif böyük layihələrin reallaşmasına "yaşıl işıq" yandırır. Bu eyni zamanda Qərblə Şərqi, Şimalla Cənubu birləşdirən nəqliyyat və logistik dəhlizlərin sürətlə inkişaf edib genişlənməsinə çox ciddi töhfə olacaq. Ələlxüsus da Azərbaycan, Türkiyə, İran arasında sıx əməkdaşlıq, dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək".