Vəhdət Partiyasının növbəti IV Qurultayı keçirilib

21 May 2016-cı il tarixində Vəhdət Partiyasının növbəti IV Qurultayı keçirilib.

Sabahinfo.az xəbər verir ki, texniki səbəblərdən Qurultaya qonaqlar və mətbuat nümayəndələri dəvət olunmayıb. Qurultayda 43 rayon (şəhər) təşkilatından 211 nəfər nümayəndə iştirak edib. Qurultayın səlahiyyəti təsdiq olunduqdan sonra dövlət Himni səsləndirilib və şəhidlərin ruhuna dua oxunub. Qurultayın Sədarəti, katiblik, Say Komissiyası, Mandat Komissiyası və Redaksiya heyəti seçilib. Reqlament və gündəlik təsdiq olunduqdan sonra Partiya sədrinin, MNTK sədrinin hesabatları dinlənilib, müzakirə edilib və qiymətləndirilib. Partiyanın Nizamnaməsinə düzəliş edilərək "Ağsaqqal Şurası haqqında” hissə və "radikal” fəaliyyət haqqında müddəa Nizamnamədən çıxarılıb. "Məhəllə təşkilatları” sözləri özəy təşkilatları sözləri ilə əvəz edilib. Sonra Qurultay Tahir Kərimlini yenidən Vəhdət Partiyasının sədri, sədrin təqdimatına əsasən Abdul Vahab Manafov Partiya sədrinin birinci müavini və 7 nəfərdən ibarət MNTK üzvləri seçilib. MNTK öz iclasında Etibar Səmədovu sədr seçib. Vəhdət Partiyası ictimai siyasi vəziyyətlə bağlı bəyanat qəbul edib, Baş Məclisin sədri Şəfiq Pənahinin, müavini Fəxrəddin Ağazadənin, katibi Rəhimə Heydərovanın səlahiyyətlərini və siyasi şuranın tərkibinin səlahiyyətlərini növbəti Baş Məclisə kimi təsdiq edib. Baş Məclisə 6 nəfər yeni üzv seçilib. Dövlət Himninin oxunması ilə Qurultay işini sona yetirib.