"İnternetin kəsilməsi bizim üçün problem yaratmır"

Gələcəkdə internet kəsilən zaman nəqliyyatın hərəkətində problem yaranmaması üçün qabaqlayıcı tədbirlər həyata keçiriləcək.

Sabahifo.az-ın verdiyi xəbərə görə, bunu Trend-ə açıqlamasında Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib.

Onun sözlərinə görə, internetin kəsilməsi nəqliyyatın tənzimlənməsində ciddi problemlər yaratmayıb: "İşıqforların idarə olunması, nəqliyyat axınının izlənilməsi birbaşa xüsusi avadanlıqlar vasitəsi ilə Mərkəzə ötürüldüyü üçün internetin bizim işimizə təsiri çox böyük olmadı. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İnformasiya Təhlükəsizliyi şöbəsinin sözügedən məsələ bağlı qabaqlayıcı tədbirləri var. Hesab edirəm ki, gələcəkdə bu cür hadisələr baş verən zaman xüsusi avadanlıqlar vasitəsi ilə problemi aradan qaldırmaq mümkün olacaq”.

Qeyd edək ki, ötən gün Azərbaycanın demək olar ki, bütün ərazisində internet kəsilmişdi.