Bakıda ata qızının sevgilisini niyə boğaraq öldürüb?

Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Babək Quliyevin cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə o, elan olunmuş ittihamda özünü qismən təqsirli bilib.

Babək Quliyev ifadələrində göstərib ki, 24 avqust 2022-ci il tarixində gecə saatlarında həyətdən səs gəldiyini eşidərək yuxudan ayılıb. O, həyətə çıxanda kiminsə darvazadan tullandığını görüb. Həmin şəxsin oğru olduğunu düşünüb, onu tutub öz həyətlərinə gətirərək, bir-iki dəfə şillə vurub. Həmin şəxs isə adının Hüseynağa Şeydabəyov olduğunu, oğru olmadığını, qızı Zəminəni (şərti) sevdiyini deyib. Babək Hüseynağaya onun və qızının yaşlarının az olduğunu söyləyib, dərsləri ilə məşğul olmağı tapşıraraq zərərçəkmişi yola salıb.

Babək Quliyev qeyd edib ki, həmin hadisənin səhəri günü, yəni avqustun 25-də qızı ilə görüşəndə Zəminə ona Hüseynağanın onu biabır etməklə hədələdiyini deyib. O da əsəbiləşərək öz qızını şillə ilə vurub, telefonunu onun əlindən alıb. Həmin gün axşam təqsirləndirilən şəxs Hüseynağa ilə söhbət etməyə gedib. Hüseynağaya bir-iki dəfə şillə vurub və bu yaşda qızı ilə evliliyi düşünməyin düzgün olmadığını, hər şeyin qaydası olduğunu başa salıb. Sonra Babək Hüseynağanı öz maşını ilə evinin qarşısında düşürüb. 28 avqust 2022-ci il tarixində atası vəfat edib. Başları yas mərasiminə qarışıb. Bir-iki gün sonra Zəminə atasına deyib ki, Hüseynağa ona öz evlərinin pəncərəsində telefon gətirib verib və onunla danışmasa qızını biabır edəcək. Babək də telefonla bağlı Hüseynağaya zəng edib, onu tənbeh edib. Bundan sonra təqsirləndirilən şəxsin qonşusu ona evlərinin həyətindən tanımadığı oğlanın çıxdığının gördüyünü deyib. O da yenidən Hüseynağaya zəng vuraraq onu tənbeh edib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, bir neçə gün sonra Babək oğlunun idman köynəyini götürmək üçün evlərinə qayıdanda, Hüseynağanın onların həyətindən çıxdığını görüb. Hadisə sentyabrın 6-da olub. Evə gələndə axşam təxminən saat 23 radələri olub. Babək də Hüseynağanı tutub qaraja apararaq, onu tənbeh edib. Lakin bunun faydasının olmadığını gördükdə oğlanı qorxutmaq qərarına gəlib. Belə ki, Babək onun əl-qolunu bağlayaraq maşına mindirib, dəniz kənarına aparıb. Dəniz kənarında Hüseynağanın əl-qolunu açıb.

Babək Quliyev bildirib ki, Hüseynağa Şeydabəyov dənizkənarında qızı ilə dəfələrlə cinsi əlaqədə olduğunu, Zəminənin cinsi əlaqədə olması ilə bağlı videoçəkilişlərinin telefonunda saxladığını, bunu həm anasının, həm də bacısının bildiyini deyib. Həmçinin onlar dənizkənarına gedərkən yolda Hüseynağaya qızını ona verməyə məcbur olduğunu söyləyib. O, bütün bunları eşitdikdə özünü saxlaya bilməyərək, Hüseynağanı boğaraq öldürüb. Təqsirləndirilən şəxs onun Hüseynağanı öldürmək niyyəti olmadığını qeyd edib. O, Hüseynağanı öldürdükdən sonra meyiti maşında saxlayıb, sonra isə Qaradağ rayonunda basdırıb. Babək Quliyev törətdiyi əməldən peşman olduğunu deyib.

Qeyd edək ki, ötən il sentyabrın 6-da Sabunçu Rayon Polis İdarəsinə 2006-cı il təvəllüdlü Hüseynağa Şeydabəyovun itkin düşməsi ilə bağlı daxil olan müraciət əsasında aparılan istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. İstintaqla zərərçəkmişin qonşusu, 1968-ci il təvəllüdlü Babək Quliyevin qisas almaq məqsədilə Hüseynağa Şeydabəyovu döyərək xəsarətlər yetirməsinə, sonra iplə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Babək Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Məhkəmənin hökmünə əsasən, o, 18 il azadlıqdan məhrum edilib.