2020-ci ildə Bakıda azyaşlıların iştirakı ilə 33 qəza baş verib. Bu isə 2019-cu il ilə müqayisədə 12 hadisə azdır.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Bölmə rəisi bütün yol-nəqliyyat hadisələrində olduğu kimi, azyaşlılarla bağlı qeydə alınan qəzaların statistikasında da azalmanın müşahidə olunduğunu qeyd edib:
“2020-ci ildə Bakı şəhəri üzrə azyaşlıların iştirakı ilə qeydə alınan 33 qəza nəticəsində 7 nəfər həyatını itirib, 26-sı xasarət alıb. Paytaxt üzrə qeydə alınan bu göstəricilər 2019-cu il ilə müqayisədə 12 qəza, 4 ölüm faktı, 15 xəsarət sayı azdır. 2019-cu ildə isə azyaşlıların iştirakı ilə 45 hadisə, 11 ölüm, 41 yaralanma qeydə alınmışdı”.
Vaqif Əsədov ilbəil qəzaların sayının azalmasında yol polisi tərəfindən aparılan təbliğatın, maarifləndirici tədbirlərin mühüm rolu olduğunu bildirib.