Bakının regionda hakim mövqeyə yüksəlməsi İtaliya üçün yeni imkanlar açıb

Rusiya-Ukrayna münaqişəsi fonunda dərinləşən qütbləşmə və Avropanı təhdid edən enerji böhranı Azərbaycanın qlobal müstəvidə çəkisini və rolunu əhəmiyyətli dərəcədə dəyişib. Azərbaycanın yaratdığı yeni reallığın dünya dövlətləri tərəfindən, xüsusən aparıcı siyasi və iqtisadi güclər tərəfindən qəbul olunması isə öz növbəsində ölkəmizin postmüharibə dövrünün ən vacib prioritetlərindən biridir.

Aydındır ki, Vətən müharibəsində Qələbəsi ilə Azərbaycan regionun əsas hərbi siyasi gücünə çevrilib və bölgəyə maraq göstərənlər artıq Azərbaycanla daha yaxşı əlaqələrə malik olmağın zərurətini daha çox anlamağa başlayıblar.

Bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov AZƏRTAC-a açıqlamasında söyləyib.

O qeyd edib ki, son bir ildə qlobal müstəvidə kəskinləşən münasibətlər və Avropanın milli təhlükəsizliyində Bakının əsas aktorlardan birinə çevrilməsinə şahid olmaqdayıq. Bu proseslərdə isə Azərbaycanın əsas strateji müttəfiqlərindən biri və Avropada əsas ticari tərəfdaşı İtaliyadır. Həmişə ən yüksək səviyyədə olmasına baxmayaraq hazırda Bakının regionda hakim mövqeyə yüksəlməsi Cənubi Qafqazda ticarətinin 95 faizini Azərbaycanla aparan İtaliya üçün yeni imkanlar açıb. Eyni zamanda, dünyanın əsas iqtisadi və siyasi güc mərkəzlərindən biri, böyük yeddiliyin üzvü kimi İtaliya ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetləri ilə üst-üstə düşür.

“Lakin unutmamalıyıq ki, Azərbaycan və İtaliyanın strateji tərəfdaşlığı yalnız ticari tərəfdaşlığa əsaslanmır. Bizim üçün şərəfli və çətin olan Vətən müharibəsi dövründə İtaliya açıq şəkildə Azərbaycanla həmrəyliyini ifadə edib, İtaliya mediası Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq çərçivəsində ən ali səviyyədə məsələyə obyektiv yanaşmasını nümayiş etdirib.

Bu mənada onsuz da yüksək səviyyədə olan Roma-Bakı əlaqələri, Vətən müharibəsindən sonra fərqli müstəviyə yüksəlib. Xüsusən ötən ilin sentyabrında Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri yeni reallıqda münasibətlərimiz üçün mühüm bir mərhələnin əsasını qoymuş oldu. Məhz bu səfərlə müharibə sonrası Azərbaycana informasiya savaşı açan güclü mərkəzlərə rəğmən Bakı və Romada əlaqələrin dərinləşməsində qəti iradənin mövcudluğu bir daha bəyan olundu”, - deyə Bəhruz Məhərrəmov vurğulayıb.

Onun sözlərinə görə, İtaliya şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda azad edilmiş ərazilərin bərpa-quruculuq işlərində iştirakı, 3 şəhərdə işğal və zəfər muzeyləri, Şuşada qədim məscidin bərpası və yeni məscidin inşasını həyata keçirməsi bu iradənin bariz nümunəsi hesab olunmalıdır.

“Əlbəttə, dərinləşən münasibətlər enerji sferasını da əhatələməkdə və məhz Azərbaycanla tərəfdaşlığı sahəsində Romanın Avropanın enerji təhlükəsizliyində imkanlarını artırmaqdadır. Məlumdur ki, İtaliya ilə "Cənub Qaz Dəhlizi” layihəsi üzrə ciddi əməkdaşlıq mövcuddur. İki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır və Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, TAP layihəsi bizim birgə uğurumuzdur.

Yeni situasiyada isə əməkdaşlığın daha da dərinləşməsi artıq hər iki ölkə üçün zərurətdir. Əslində, Prezident İlham Əliyevin ötən ilin sentyabrında İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində enerji sahəsində əməkdaşlığın yeni reallıqda inkişafının yol xəritəsi bəyan olunmuşdu. Lakin etiraf etməliyik ki, hətta Avropanın aparıcı dövlətləri belə mürəkkəb geosiyasi şəraitdə proseslərin bu sürətlə reallaşdırıla biləcəyinə ehtimal vermirdi.

Lakin ardıcıl birgə layihələr, bu qəbildən dünən “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasiminin keçirilməsi, İtaliyanın isə bu prosesdə birbaşa iştirakı Prezident İlham Əliyevin bu prosesdə əzmli olduğunu göstərdi. Məhz bu qətiyyətli gedişlərlə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mövqeyini gücləndirəcəyinə artıq qoca qitənin heç bir subyektində şübhə yoxdur”, - deyən deputat fikirlərini yekunlaşdırıb.