ATƏT Əliyev və Sarkisyan görüşünün təşkilini müzakirə edir

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşün təşkili üçün Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan ilə əlaqə saxlayır. 

Sabahinfo.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib. 

Ermənistan və Azərbaycanın dövlət başçılarının son görüşü iyunun 20-də üçtərəfli formtada Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Sankt-Peterburqda baş tutub. Daha öncə Əliyev və Sarkisyan mayın 16-da Vyanada görüşmüşdülər.

"Vyana və Sankt-Peterburqdakı görüşlər zamanı Azərbaycan və Ermənistan prezidentləri danışıqlar prosesində irəliləyişə nail olmaq məqsədilə növbəti görüşə hazır olduqlarını bildirmişdilər. Biz görüşün təşkili üzrə cari məsələlərin müzakirəsi üçün Azərbaycan və Ermənistan prezidentləri və xarici işlər nazirləri ilə əlaqə saxlayırıq”, - Uorlik bildirib.